Aida Adıgözəl - Atama
Sən gedəli nələr oldu bir bilsən...
Böyüdülər, evləndilər nəvələr.
Səndən sonra bir boşaldı evimiz,
rəngin ruhun itirdilər gəvələr.
Səndən sonra çox qocaldı anam da,
çarpayın da ağzı günə eyvanda.
Səndən sonra xatirələr şəkildi,
vərəqlənir albomlarda divanda.
Səndən sonra bağ-bağat da dəyişdi,
arxlar küsdü, dolub daşdı xəzanla.
Səndən sonra qışdan yaza çıxmırıq,
davadayam taleləri yazanla.
Səndən sonra yaşa dolduq hamımız,
saçlar dümağ, gözlər də ki eynəkli.
Anam çox çalışdı yerin doldura,
alınmadı... qaldıq qırıq, göynəkli.
Bu gün yenə qəm doluyam, daşıram.
İyirmi üç il! Yoxluğunun bəlgəsi...
Üstümüzdən əlini tez çəksən də,
çəkilmədi evdən Ata kölgəsi.
Sən gedəli nələr oldu, bir bilsən...
15.01.2026