Adilə Nəzər: - KÖNLÜM

Ədəbiyyat 09:40 / 07.11.2024 Baxış sayı: 1934

 

Nədir bu, səndən çəkdiyim,

Hər közə yaxılan könlüm?

Hər gün göz yaşı tökdüyüm,

Hər sözə sıxılan könlüm.

 

Haqq səsi, həqiqət ünü,

Fikirlər yedi ömrünü..

Didilib-tökülən günü

Bölünən-çıxılan könlüm.

 

Hər nalənə, fəğanına,

Bəxtdən küskün zamanına,

Yanğınına, dumanına

El-aləm yığılan könlüm.

 

Tanıdın hər təzə qəmi,

Tapmadın mən tək, həmdəmi.

Ay, eşqi də özü kimi,

Daşlara çaxılan könlüm.

 

Dağılmısan dağım-dağım,

Necə qurum, necə yığım...

Əlli ildə topladığım

Bir anda dağılan könlüm.

 

Adilə, həyat nağlını

Ucundan keçir ağlının...

Ağlayır hər bir ağrının

Dağından yıxılan könlüm.

2022