Zahid Sarıtorpaq -  gülümsəyirsən elə... yoxsa bilirsən nədir

Ədəbiyyat 18:46 / 08.02.2026 Baxış sayı: 264

* * *

gülümsəyirsən elə... yoxsa bilirsən nədir –

daş daşa niyə susur, nədən dinir su suya ?..

bizim bildiklərimiz hamısı əfsanədir,

biz ki, heç nə bilmirik... çox şey bilirik guya...

didik-didik bir könül keşməkeşdən yorğunsa

sevgi qiyafəsində ölüm gəlsə, – gülümsər...

dönüb ürkək bir quşa, gül koluna o qonsa,

aşiq can atar ona, lap yoluna ölüm sər...

topuğu xallı ceyran bir güllənin qurbanı...

qurban dediyin nədir? – bilmirsən nə olandır.

hamı unudacaqdır yaşanılan o anı –

tək özünlə qalacaq baş-başa ölüm andır...

ovcundakı isti əl soyuyacaq qəfildən

sən elə biləcəksən qışdır, şaxtalar gəlir...

haqqın uca olacaq ölüm adlı qafildən

görəcəksən önündə yıxılanlar dikəlir...

çağıracaqsan yüz yol... cavab verməyəcəklər...

hər şey, hər şey bir anda qəfil agah olacaq.

sən keçən o qapıdan heç vaxt girməyəcəklər –

tək bircə sənin üçün o qapı açılacaq...

“hə, – deyəcəksən, – gəldim...” –

gün doğacaq o anda...

 

adını çəkəcəklər, – için nurla dolacaq...

sən elə biləcəksən toydur... toydur qapında,

istəyəcəksən o an biz önündə qol açaq...

amma heyif... bircə şey çıxacaqdır yadından,

bilməyəcəksən burda kim hansı dildə dinir...

 

işıq, kölgə, qaranlıq dinir kimin adından?

diksinən sevgidirmi? yoxsa ölüm diksinir?..

hər halda, nə sən qərib, nə sevda qəm çiləyər...

ölüm də öz başını yəqin götürüb gedər...

aşiqi düz bir ömür öz ruhu qamçılayar

qalan hər cür yaşantı hədərdir... ancaq hədər!....