Yenises.az-da  ilk  dəfə  -   Lətafət Abıyevanın ŞEİRLƏRİ

Ədəbiyyat 20:29 / 15.04.2024 Baxış sayı: 929

Bu səhər.

 

Bağçada dizimdən öpən güllərin

Əyilib üzündən öpdüm bu səhər.

Qarşımda nazlanıb elə əsdilər,

Arını sevdada ötdüm bu səhər.

 

Üzümə bir sısqa təbəssüm səpib,

Bir gülün xətrinə qəmimi uddum.

Suala, nidaya dönən güllərin

Getdim dünyasına mən addım-addım.

 

Hər çiçək bir yaqut, bir ilahi ləl -

Haqdan yollanan bir sərvətə düşdüm.

Durduğum məkandan, zamandan qopub,

Vardım bu hikmətə, heyrətə düşdüm.

 

Bahar - çiçəklərin ömür cövhəri,

Payız - ömür sonu əcəl səsidir.

Hər çiçək Allahın təcəllasıdır,

Hər yarpaq bir həyat fəlsəfəsidir.

 

Güllər xısın-xısın danışdı mənlə,

Dinlədim - nə insan, nə quş diliydi.

Allahın bəndəyə bu, sevgi görkü,

İzahı bəlli bir aqil diliydi...

 

Çiçəklər qarşımda elə uçundu,

Arını sevdada ötdüm bu səhər

Bağçada dizimdən öpən güllərin

Əyilib üzündən öpdüm bu səhər.

 

 

Taledən kəsirim var

 

. Nə günlərim dəyişir,

Nə də ki bayramlarım.

Təsəlli ola bilmir

Ən yaxın adamlarım.

 

Çökdüyüm dualarım

Köhnə kilimə bənzər.

Belə yaşamaq özü

Vaxtsız ölümə bənzər.

 

Arzular yaylağından

Yığışan bir elatam.

Düşdüm üzü axına,

Saman da yox, əl atam.

 

Keçdim neçə sınaqdan -

Hər imtahan bir uğur.

Dünənimə baxanda

İçimdə qürur doğur...

 

Bu həyatda tək bircə

Taledən kəsirim var

. Bəxtim müflis olsa da

Qəlb adlı qəsrim var...

28.03.24.

 

 

 

Gülləbaran et məni.

 

Necə qıydım o sevgiyə, bilmirəm.

Niyə qoydum o ümidi natamam?!

Mən qədrini bilmədimsə, sən məni

Qəzəbinlə gülləbaran et, adam.

 

 

Tən gəlmirdi bir naxışa, ülgüyə,

İlahidən naxışlanmış o sevgi.

Öz əlimlə bəxşiş verdim...pay oldu

Səndən mənə bağışlanmış o sevgi.

 

Dünya sənin gül açmışdı gözündə,

Ürəyinə sığammırdı sevincin.

Elə doğma sanırdın ki...

Bəlkə də mən olmuşdum

həyatında birincin.

 

 Sevgin yerdə yerimirdi, üz tutub

Ulduzlardan yuxarıda uçurdu.

Gözlərini gecə xoşbəxt yuxular,

Ürəyini gündüz ümid qucurdu.

 

Qıydım adam, qıydım elə bir eşqə,

Abad olmaz uçurduğum o daş-dam.

Bilmədimsə mən qədrini, gəl məni

Qəzəbinlə gülləbaran et, adam...

23.03.24.

 

 

Qırılır ucalığın aynası.

 

İtir, günbəgün itir neçə-neçə gözəllik,

Getdiyimiz bilinmir dərədi, ya düzənlik?

Dəyişib adətləri vururuq biz yüz ənlik,

Hər gün bir az qırılır dəyərlərin aynası

 

. İrəli gedə-gedə geri düşürük nəsə,

Kim harda nə çalırsa, biz veririk səs-səsə.

Gah ərəbə dönürük, gah da ki ingilisə,

Dönüb ola bilmirik Azərbaycan balası...

 

Ülfi adətlərimiz "qara qoc" belindədi...

Sevgi məktublarımız internet dilindədi.

Düşüb gözəlliyindən, bir az miskin gündədi

Nənələrin nağılı, anaların laylası.

 

Bu təlqin, yamsılama, bu rollar nəyə lazım?

Bizi bizdən aparan bu yollar nəyə lazım?

Dost beş olar, on olar, milyonlar nəyə lazım?

Dostu artdıqca artır bu millətin bəlası...

 

Nə günə qoydu bizi bu sivil yarışmalar?

Dönüb virtual oldu real salamlaşmalar.

Bürüyüb efirləri şou-hırıldaşmalar -

Bumu baha sandığım ucuz sivil dünyası?

 

Bazarı ali məqam, alisi "bazardısa"

Hara üz tutsun bu xalq, ruhundan azarlasa?

Çölü, çayı, dənizi, dərəsi hasardısa,

Könlünə hardan axsın gözəlliyin havası?

 

İtir, günbəgün itir neçə-neçə gözəllik,

Hər gün bir az qırılır Ucalığın aynası.

Düşüb yüyürdüyümüz bu "sivil" yollarının

Açılan bir sabahdan ucalacaq sədası...

28.01.2020.

 

Mən niyə sızlayım ki ayrılığın əlindən.

 

Mən niyə sızlayım ki ayrılığın əlindən?

Ayrılığın özü də bizi ayıra bilməz.

Aradan illər ötüb, bu eşq silinməyibsə,

Yaşanacaq illər də daha bu eşqi silməz

 

. Mən niyə sızlayım ki, ayrılığın əlindən?

Biz qalib, ayrılıqsa bızə təslim əsirdir.

İllərin küləyinə sinə gərib durubsa,

Onda bir gör, bu eşqin yaşı neçə əsrdir?!

 

- Buna sevgi deməzdim, bu möcüzə, bu sirdir.

Ümidini üzmüşdü o gündən talehim də

Ayrılığın əliylə oğurlanan ləlindən.

Bu gün bu eşq önündə ayrılıq acizdısə,

Mən niyə sızlayım ki ayrılığın əlindən...

26.04.2020.

Quba