Xatirə  Rəhimbəyli  - Ürəyimin hər telində...

Ədəbiyyat 09:01 / 05.11.2026 Baxış sayı: 614

Ürəyimin hər telində

Bir şənlik nəğməsi var.

Qulağımda "zəfər!" deyən

İgidlərin səsi var.

Nəfəsimdə şəhidlərin

Sönməyən nəfəsi var.

Sən nə möhtəşəm tarixsən,

Sən nə gözəl günsən belə,

Zəfər günü!

Könlümdəki bu intizar

Əbədi var deyilmiş ki...

Sən varsanmış...səni duymaq

Möcüzə,sirr deyilmiş ki...

Bugünədək yaşadığım

Ömür ömür deyilmiş ki...

Sən nə möhtəşəm tarixsən,

Sən nə gözəl günsən belə

Zəfər günü!

Xalqın birləşib ,bərkiyib

Dəmir yumruq olan günsən.

Haqqın öz yerin tapdığı,

Nahaq ağlar qalan günsən.

30 illik bir qisası

Yağılardan alan günsən.

Sən nə möhtəşəm tarixsən,

Sən nə gözəl günsən belə,

Zəfər günü!

Şəhidlərin,qazilərin

Yerdə qalmadı qanı.

Cəngi səsi silkələdi

Mürgüləyən dünyanı....

Bütün dünya alqışladı

Ali Baş Komandanı.

Yenə igidlərə qaldı

Ər oğlu ər meydanı.

Dədəm Qorqud qopuz çaldı,

Söz söylədi,boy boyladı:

Mən aşiq Ordubada,

Sən də gəl Ordubada.

Sərkərdə xas olunca

Heç verməz ordu bada...

Beləcə coşdu,çağladı

Nər oğlu nər meydanı...

Sən nə möhtəşəm tarixsən

Sən nə gözəl günsən belə,

Zəfər günü!!!