ŞAHNAZ ŞAHİN - Uzağa üzən gəmilər

Ədəbiyyat 14:00 / 05.11.2026 Baxış sayı: 436

...

Uzağa üzən gəmilər,

Çağırsam gəlməz.

Bu dünyanın tikanı da

Üzümə gülməz..

İndi yaman acizləşib,

Sevən adamlar.

Gizli intihar toxuyur,

Aşkar dualar.

Üstümə atıb gedir,

Qız uşağını.

Küsdürüb yola salırlar

Haqq aşığını...

Sınıb tökülür yerə,

Musiqi dərsi.

Hər gün boğulur içim

və..

sevmək həvəsi..

Dəmir ledi qoyurlar,

Qadın yerinə.

Burax əllərimi yazım

Ağ tellərinə.

Oxşayır,bizə oxşayır,

Dünya bir dəli!

At cibinə,düşüb itsin,

Eşq bir kəlməlik!

2017 05 NOYABR