Ay  Bəniz  Əliyar - Səni necə axtarmışam

Ədəbiyyat 08:53 / 05.11.2026 Baxış sayı: 593

Səni necə axtarmışam,

Bilməzsən, daha bilməzsən.

Bu gövdəli ayrılığı,

Bu köklü ahı bilməzsən.

Necə dizin qucaqlayıb,

Necə hönkürüb ağlayıb,

Bilməzsən,

bu yaralı qəlb

Səni necə soraqlayıb.

Bağrı yananda həsrətdən,

Sanıb çıxacaq qarşına.

Bilməzsən, ciyərdolusu

Səni çəkibdir başına.

Necə çöküb öz içinə,

Necə qapanıb, bilməzsən.

Tanrını unudub bəzən,

Sənə tapınıb, bilməzsən.

Bəlkə sən də ömür boyu

Onu axtarıb gəzirsən,

Gəl, bilək, könül adamı,

Hansı yetimsən-yesirsən?!