Xanim Ismayilqizi - Bilsəydik böyümək böyütmək imiş

Ədəbiyyat 12:46 / 06.08.2026 Baxış sayı: 556

Bilsəydik böyümək böyütmək imiş

Bütün sevgilərin balalarını,

Hələ dil açmadan titrəyib qalan

Hisslərin, açmazdıq qanadlarını.

 

Bilsəydik ananın əlləri belə

Bir gün üzüləcək sığallarından,

O böyük aləmin içində yatıb,

Heç vaxt ayrılmazdıq nağıllarından.

Bilsəydik həyatın iki əli var,

Biri soldan vurur, biri də sağdan,

Heç vaxt canımızı ona tapşırıb,

Asılıb qalmazdıq çəkdiyi dağdan.

Bilsəydik bu ömür axsaq at kimi

Yarı yola çırpır adamlarını,

Gözümüzü açıb daşa basardıq

Şeytanın havalı salamlarını.

Bilsəydik cütlükdən təklik doğulur...

Bilsəydik dünyayla barışmaq olmur...

Boğardıq büdrəyən arzuları da...

Allahın işi var - danışmaq olmur...

 

6 avqust, 2017.