Tökülür - Ramiz Qusarçaylı
Dolu yağır yay ayına
Sanki göydən tut tökülür.
Tut çürüyür budağında
Tutdan yerə qurd tökülür.
Tanı dərdin tündlərini
Tənbəlliyin fəndlərini,
Boşalan dağ kəndlərinin
Yaddaşına çat tökülür.
Yer yalanı göydə bitmir,
Əl dəyişir, əməl itmir,
Hər havada şeytan ritmi
Günah-günah lad tökülür.
Var üstündə qovğa çıxır,
Şil yabı da yorğa çıxır,
Qohum-qardaş yoxa çıxır
Ortalığa yad tökülür.
İtir mizanlar, ölçülər,
Ocaq söndürür külçülər,
Günəş üşüyür gecələr
Yerdən göyə od tökülür...