Xalq şairi Məmməd Arazın 90 illik yubileyi keçirildi - FOTOLAR

MƏDƏNİYYƏT 11:18 / 26.10.2023 Baxış sayı: 2857

25 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında Azərbaycan Respublikasının xalq şairi Məmməd Arazın 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru  Yaqut Bahadurqızı görkəmli şairin ən böyük vətəndaş, ədəbiyyatımızın sütunu, nəhəngi  Məmməd Arazın həyatından, yaradıcılığından, şəxsiyyətindən bəhs edərək qeyd etdi ki, Vətən sevdalı Məmməd Arazın yaradıcılığı zəngin və səmimi olduğu üçün   hər kəsin dilinə yatır, ürəyinə yol tapır. Məmməd Araz kağıza həkk etdiyi hər misrasında vətən sevgisini, dərin həyat fəlsəfəsini milyonlarla oxucuya ötürən böyük şair olub. Ömrünün enişli, yoxuşlu illərində sınmayan, əyilməyən şairi fiziki cəhətdən sındırsalar da, ruhunu, məsləkini sındıra, əyə bilmədilər. Sovetlərin ən qatı, ən sərt zamanında Vətən məfkurəsi, cənublu, şimallı Azərbaycan arzusu ilə yaşayan və bunu açıq-aşkar yaradıcılığında qorxmadan əks etdirən şair Məmməd İbrahim Arazı özünə təxəllüs götürərək: “Azərbaycan deyiləndə ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər” - dedi. Hər misrası, hər bəndi kiçikdən böyüyə hər kəsin sevimlisinə çevrilən Məmməd Araz xalqın şairi olmağı, milli ruhu daşımağı mükəmməl şəkildə bacardı.

Tədbirdə Kürdəmir şəhər 4 saylı məktəbin dil-ədəbiyyat müəllimi Aytən Umudova öz çıxışında bildirmişdir ki, hər insan özü ilə dünyaya bir ad gətirir. Bu adı ocağa, şöhrət bayrağına çevirənlər də olur, nifrət, lənət hədəfinə döndərənlər də. Əgər biz Məmməd Araz şeirindən danışırıqsa, sözünün, qələminin nəfəsi ilə, ürəyinin səsi ilə hayqıran, xalqın şah damarına toxunan, insanların ürək təpərinə çevrilən, ümidə, təsəlliyə, göz yaşına çevrilən o sehirli misralar gəlir ağılımıza.
 
Tədbirdə eyni zamanda yazıçı-publisist Əlisəfa Azayev, Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin Kürdəmir rayon üzrə nümayəndəsi Vaqif Alıyev, kitabxanaçı, şəhid anası Müşkünaz Əliyeva, Kürdəmir rayon İcra başçısının müavini Vəsilə Əsgərli, Məmməd Araz pərəstişkarı, Kürdəmir rayon Mollakənd kənd tam orta məktəbin direktoru Akif İbrahimov çıxış edərək Məmməd Araz şəxsiyyətindən, zamanla hesablaşmayan Məmməd Araz şeirinin milli poetik təfəkkürümüzün ən uğurlu ifadəsi olmasından, Vətən sevgisini misraları ilə millətin qəlbində, şüurunda göyərtmək qüdrətindən bəhs etdilər. 
Məktəblilər şairin dillər əzbəri olan şeirlərindən nümunələr söylədilər.

Tədbirdə eyni zamanda görkəmli şairin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən videoçarxlar nümayiş etdirilmiş, sözlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilmişdir.

Tədbirin sonunda Məmməd Arazın şeirlərini daha gözəl söyləyən şagirdlər N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun imzaladığı Fəxri Fərmanla mükafatlandırıldılar.