Xatirə Rəhimbəyli - Baxma ki özünü şax saxlayırsan
Baxma ki özünü şax saxlayırsan,
Hərdən qürurunun düşür yaxası.
Həsrətin yelləri oynadır hərdən,
Qəfil gözə dəyir pərdəarxası...
Gəlib bir nöqtəyə nırx dayanmısan,
O gündən bu günə sözün-sovun yox.
Dəryanın gözünə bir daş atmısan,
Gəlhagəl, qaçhaqaç,qovhaqovun yox...
Bir inad boynuna düşüb qalmısan,
Oturub qalmısan sözünün üstdə.
Görmürlər gözünə dik baxdıqların
Nə qəmdi yurd qalıb gözünün üstdə...
Baxma aramıza Çin səddi girdi,
Kinotək görürəm güzəranını.
Hər şey var...Di gəl ki bir yer tapmırsan
Qoyub dincələsən yorğun canını...
Sözə bələyəsən yorğun ruhunu,
Çıxa ürəyindən söz tikan kimi.
Hər nəfəs almağın qəhər udmaqdı,
Hər nəfəs sinəndən çıxır can kimi...
Baxma ki özünü çax saxlayırsan,
Hərdən qürurunun düşür yaxası.
Həsrətin yelləri oynadır hərdən,
Qəfil gözə dəyir pərdəarxası...