Məmməd Qədir : - Ay qağa
Şair dostum Səyyad Sərrafa
Qoyun alsan, demədimmi dəy mənə,
Bundan əvvəl heç almısan, ay qağa?
Nəyi gəlib üç dılğırın xoş sənə,
Mən deyincə seç, almısan, ay qağa.
İsti düşüb, qırx buları lüt eylə,
Ya başını bunlar kimi küt eylə,
Dedim axı, nə alırsan cüt eylə,
Yəqin dərsdən üç almısan, ay qağa .
Qoyundu da, qoyma beynə qan sıza,
Əsəbləşmə, vur çomağı yanbıza,
Soyuqda söykən qoyuna, can qıza,
Fərz elə ki, peç almısan, ay qağa.
Xasiyyəti məlum idi SİVİndən,
İndi qoru çaqqalından, divindən,
Gecə-gundüz didərginsən evindən,
Həyatına köç almısan, ay qağa
Tükənməzdir bit-birəsi, gənəsi,
Əleyhqaza bənzəyir alt çənəsi,
Gileylənmə doğmur bircə dənəsi ,
Bir bax görüm qoç almısan, ay qağa?!!