Adil Şirinin Məhbəs şeirlərindən
* * *
Robinzon Kruzonun
Uzaq adadakı tənhalığından,
Daha ağırdı bu gün-
Böyük şəhərlərin dəmir-beton tənhalığı...
Ürəyimi ağrıdır
İnsan ömrünün çox ucuzluğu,
Həyatın çox bahalığı.
Böyük şəhərlərin küçələrində
Petrol və qan qoxusu.
Meydanlarda qələbəlik içində
Ölüm qorxusu...
Qərib ümid azır hərdən
Böyük şəhərlərin küçələrində.
Yaxşı ki, Ay doğur hələ
Böyük şəhərlərin
Petrol və qan qoxulu gecələrində...
Gecə yarısı
Ay baxır pəncərədən.
Gecə yarısı
Tək-tənhayam mən.
Tək-tənhayam yer üzündə
Tək-tənha!
Ah, bu necə taledir
Bütün yollarım bağlanıb daha...
Ay kimi arayıb axtarır
Bu gecə yarısında.
Zaman donub, dayanıb
Ayla məhbəsin pəncərəsi arasında.
Ayrılıq rəngindədir -
Məhbəsin soyuq, nəmli divarları...
Sıxır məni
Həyatın bər-bəzəksiz gerçək üzü,
Məhbəsin yeknəsək gecələri...
Ömrümdən qopub düşən
Yaşanmamış illərim,
Köksünə qonan
Miokardın ağrıları, acıları
Xatirəyə sığarmı?
Sığmaz!
Saxta gülüşlər,
Maskası cırılmış üzlər.
Timsah misalı göz yaşları,
Yaddan çıxarmı? Çıxmaz...
Aman vermir zalım fələk
Sönübdür bəxt ulduzları.
Zaman maşını əzib keçir
Tənhaları, yalqızları.
Bürünüb Ay işığına
Dəmir tikanların sivri ucları.
Beton divarlara dəyib qayıdır
Məhbusların ümidləri, arzuları...
Azadlığa açılan qapılar bağlı.
Kimsə unutdura bilməz
Burda çəkdiyim ağrıları, acıları...
Acı göz yaşlarıyla
Suvanıbdı divarlar.
Divarın bir üzündə,
İllərin yorğunluğu.
Divarın bir üzündə,
Azad, şirin bir həyat...
Ay kimi arayıb, axtarır görən
Kiminçün gülümsəyir bu gecə.
Bəlkə Ayın axtardığı o adam mənəm, mən.
Külək fit çala-çala ötüb keçdi küçədən.
Ayın ilıq təbəssümü
və tənhalıq şeirləri qalacaq mənə-
Həsrət dolu,
Mazut qoxulu,
Bir az yuxulu,
Bir az qorxulu uzun gecədən...
Gecə yarısı qapın döyülsə birdən,
Bil ki, bu mənəm,
Mənəm qapını döyən.
Mənəm haçansa
Sənə sevirəm deyən...
Ayın təbəssümünü gətirmişəm mən,
Ötən günlərdən sənə ərmağan.
Aç qapını,
Ay əlimdən düşüb
Sına bilər indi hər an...