VAQİF YUSİFLİ - BU ƏLİ NƏCƏFXANLIDIR...
Əli Nəcəfxanlı müstəqillik dövrünün şairidir. Bir jurnalist kimi tanınsa da, əsasən ikimininci illərdə özünü bir şair kimi də təsdiq etmişdir. Əgər onun bu illərdə yaradıcılığını izləsək, müxtəlif mövzularda yazdığı şeirləri ilə qarşılaşarıq, lakin ilk sırada Vətənin taleyi, Qarabağ müharibəsi ilə bağlı şeirlər yer tutur.
Şuşanı görmədim gözümdolusu
Kİrsin hirsi tutdu, zar-zar ağladı.
Gördü topxanaya toplar atılır,
Hönkürə-hönkürə Qarqar ağladı.
Şuşanı görmədim gözümdolumu,
Gileyə dağların maralı gəldi.
Mənə yaylıq verin, başıma örtüm,
Natəvan Bakıya yaralı gəldi.
Bu elə bir dövr idi ki, şeirimizdə hüzn, kədər, Qarabağsızlıq motivləri əks olunurdu. Amma Əli Nəcəfxanlı bu mövzuda olan şeirlərində bədii təsvir vasitələrinə üz tutur, fikrini obrazlı şəkildə ifadə etməyə çalışırdı.
Son dəfə göyləri gözüünə çəkdi,
Qocanız, qarınız, körpəniz belə.
Bir dağ da ucaldı Dağüstü bağda-
Bu imiş dağ üstə dağ qoymaq belə.
Torpağa can deyib son nəfəsdə də,
Əyilib öpdünüz torpağı, qardaş…
Babəkin qolları yaşıl ağacdır,
Siz onunin qırmızı yarpağı, qardaş…
Bu misralar Əli Nəcəfxanlının «Şəhidlər» şeirindəndir. Şəhidlər mövzusunda yüzlərlə şeirlər yazılıb. Amma onların əksər qismi poetiklikdən məhrumdur, çünki ürək ağrısını, şəhidlərə böyük ehtiramı poeziyanın ağrıına çevirən şeirlərin sayı o qəədər də çox deyil. Əli Nəcəfxanlının «Şuşanı görmədim gözümdolusu», «Laçınsız», «Qaçqın» «Laçın dəhlizində kababxanalar» şeirləri bu baxımdan insan ağrısını poeziyanın ağrısına çevirən nümunələrdir.
Əli Nəcəxanlı sonrakı şeir kitablarında da Vətən mövzusuna müraciət edir, yenə də eyni həyəcanla, bəzən kədərlə, bəzən qürur hissilə onu düşündürən hadisələrə, ürəyinə təsir edən acılıqlara biganə qalmır. Vətənə məhəbbətini belə bildirir:
Çox da sənə sevdiyimi söylərəm,
Əməlimdə görməyincə inanma!
Tərifini ha qaldırım göylərə
Yolunda can verməyincə inanma!
Vətəni mədh edən şeirlərində də şablondan qaçır, obrazlılığa meyl edir. «Vətən dağları» şeirində olduğu kimi:
Hər qaya oyuğu- qala mazğalı,
Yoxuş nəfəs kəsir, eniş-qəzalı.
Güllərin şehliyə dəstəmaz alıb
Namaza dayanıb Vətən dağları.
Burda arzularım haraya düşüb,
Meylim ocaq günə, pir aya düşüb.
Sərhədlər çay kimi araya düşüb
O yanı-bu yanı Vətən dağları!
Vaxtilə, sovet dönəmində dərddən, ağrıdan yazan şairlər tənqid olunurdu, onları bədbinliyə qapılmaqda, işıqlı cəmiyyətdə «işıqsız» yaşamaqda suçlayırdılar. Unudulurdu ki, əsrlərdən bəri ədəbiyyatın ən əsas problemlərindən biri AĞRI olub. Təbii ki, burada patoloji ağrı nəzərdə tutulmur. Ədəbiyyat insan qəlbinin ən intim həyəcanlarından tutmuş ən həzin ağrılara qədər böyük bir yol keçib. Amma hər ağrılı əsər ədəbi yaddaşın əbədi yaddaşına çevrilə bilməz, çünki dərdin özünə sadəcə dərd kimi b axanda, onu patoloji ağrı kimi təsvir edəndə dərdiin poeziyası yaranmır. Əli Nəcəfxanlının elə şeirləri var ki, orada məhz dərddən danışanda bu dərdin öz obrazını da görürük. Məsələn, ata mtkisinə həsr etdiyi şeiri götürək: «Axşamdan axşama görərdim onu, Atam evimizin ay işığıydı» Baxın, bunu ancaq şair deyə bilər. Onun «Yaşadım»şeirində bir ömrün yaşantıları belə ifadə edilir: «Ömür qəlyan, can-tənbəki, Çəkdikcə eşdim, yaşadım».
Əli Nəcəfxanlının şeirlərində iki cəhəti xüsusi qeyd etmək olar. Birincisi: onun şeirlərində lirik «mən»in düşüncələri bir ömrün-bir taleyin keçdiyi yolu gözlərimiz qarşısında canlandırır. Amma necə canlandırır? Oxucu bu fərdi, subyektiv düşüncələrdə yalnız bir insanın deyil, özünün də «mən»ini hiss edirsə, o şeirin ona aid olduğunu da düşünür. Hər bir insanın həyatında «ömrün payız prospekti» başlanır, bu «prosrektdə:
gəzdim addım-addım,
baxdım maddım-maddım
yola, dalana, tinə.
Xəzəlləri döşək-döşək ağaclar,
Çılpaqlaşan
qəşəng-qəşəng ağaclar
yaxşı çəlik çıxar budaqlarından.
Payız prospekti-
saralmış foto.
İnsan öz ömrünün yarı yaşına çatır. Lakin bu yaşa qədər nələr etdiyini, hansı uğurlar qazandığını deyil, eləmədiklərini və bundan sonra nə edəcəyini düşünür. Deyək ki, bu düşüncə çoxlarını narahat edir.
Məni bağışlayın, ay anam-atam,
Nəyim çatmasa da, bəhanəm çatar.
Dedim siz çatandan o yana çatam,
Çatıram ömrümün yarı yaşına.
Gecikdim, hardasa mən səhv eylədim,
Tələsdim, yolları kəsə eylədim.
Bəlkə innən belə nəsə eylədim,
Çatıram ömrümün yarı yaşına.
Ümumiyyətlə, Əli Nəcəfxanlının şeirlərində etiraf xətti, bir insanın keçdiyi ömür yoluna nəzər salıb nəyisə xatırlaması, bu xatırlamalarda peşimançılığını yada salması, əzab çəkməsi və s. hisslər diqqətdən yayınmır.
İkinci cəhət: Xalq şairi Sabir Rüstəmxanlı yazır: «Şeirin nə qədər ilahi bir təsvir vasitəsi olduğunu yaxşı bilirik. Şair şeir yazarkən öz ruhunu, canını əridib sözə verir, bəzən hisslər, duyğular adamın nəfəsini kəsir və bu nəfəs çox vaxt sonuncu nöqtə qoyulandan sonra da açılmır. Şeiri bilən, sözün ağırlığından xəbərdar olan şairin nəfəsi sözə nəfəs verə biləndə açılır. Məncə, Əli Nəcəfxanlı dərindən nəfəs almağa çətinlik çəkməyən şairlərdəndir»
Burada nəfəs» sözü dahi Füzulinin «Ver sözə ehya ki..» kəlamıyla səsləşir. Şair üçün bu «nəfəs» bədii təsvir vasitələri ilə dilin ifadə imkanlarını ortaya çıxarmaqdır.Şair Əşrəf Vesəlli də bu haqda yazır: «Əli Nəcəfxanlının şeirləri öz poetikliyi ilə, dilinin sadəliyi və rəvanlığı ilə başqalarından seçilir. Əlinin yazılarında şeir üçün seçilən obyektin poetik detallarla və yüksək bədiiliklə ifadəsi bizi sevindirir»
Əli Nəcəfxanlının sözlə lövhələr yaratmaq istəyi təşbih və metaforalarla reallaşır.
Gecə bir zənci qızdı,
Ulduzlar- göz yaşları.
Ay- göz yaşı içində,
Bir ilahi təbəssüm.
Göylər-kömürlə çəkilmiş
Ağ işıqlı bir rəsm.
«Lövhə» adlı bu şeirdə dörd təşbih işlənib..Sadəcə bir lövhədir və deyək ki, şair burada gecəyə, ulduzlara, göylərə sanki bir rəssam gözüylə baxmağa cəhd edir. Başqa bir «Lövhə» şeirində isə o, metaforalarla «rəsm» çəkir.
Sərin əllərini uzatdı yağış,
Bürkünün ömrünü qısaltdı yağış.
Günəşin telini islatdı yağış,
Şəfəqlər asıldı göyqurşağından
Əli Nəcəfxanlının təğiətlə bağlı digər şeirlərindən də söz aça bilərik, məsələn, onun «Su» şeiri sırf suya həsr olunan nadir şeirlərdən biridir: «Çəmənlərdə şehə dönən, Qayaları deşən də su! Dağ başında dönər qara, Sırğa olar gülşəndə su. Səhralarda ilğım olar, Bu crlvəli, rəxşəndə su». Əli Nəcəfxanlının insan ömrü ilə təbiət arasındakı oxşar halların olduğunu bir neçə şeirində izləyə bilirik. «Payız» və «Bu payız» şeirilərində əsas təsvir obyekti heç də payız fəslinin məxsusi cizgilərini əks etdirmək deyil. Adını çəkdiyimiz həmin şeirlərində Əli Nəcəfxanlı payızdan yox, payzlaşmış insandan söz açır.
Qarışdı ömrümün üzü-astarı,
Mənə olacaqlar əyan olmadı.
Görmədim döşünə döyən dostları,
Cücəni bu payız sayan olmadı
Bu payız özünə oxşamadı heç.
Nə qapım açıldı, nə qaşqabağım,
Ovcum-göz yaşımın qəm piyaləsi.
Bu payızsonrası, bu qışqabağı
Məni yerə vurdu həsrət şəoəsi
Bu payız özünə oxşamadı heç…
Əli Nəcəfxanlının sevgi şeirləri haqqında: təbii, yaşanılan, içində yalanı olmayan bir neçə şeirinin adını çəkə bilərik: Əli Kərimi «Qayıt»şeirindən təsirlənərək yazdığı şeir, «Ayrılıqlara» «İlk sevgi», «Həsrət nəğməsi»..Onun «Küçənizdə» şeirini misal gətirməklə sözümüzü bitirək:
Dünyanı başıma dar eyləmişəm
Səni görmək üçün dar küçənrzdə.
Şəhər sahibinin yoxdu xəbəri,
Gəzərgi bir heykəl var küçənizdə..
Küçəniz gözümdə bircə küçədi,
Ocaqça küçədi, pircə küçədi.
Vecinə gəlməzmi halım necədi?-
Üzə çıx, ruhumu sar küçənizdə.
Eviniz yeddinci qatında göyün,
Pənbə buludlardan gəlinlik geyin.
Bir az mən boylanım, bir az sən əyil,
Dərdi ürəyimdən dər küçənizdə.
-