Valeh Qoca - Qayıdışın mübarək nənə.

Ədəbiyyat 08:57 / 16.09.2025 Baxış sayı: 2231

113 yaşında Kəlbəcərə qayıdan Xeyirənsə nənə üçün.

 

 

Göylər o işığa, yerlər o nura,

Dağlar o libasa, dona qayıdır.

Çəliyi, eynəyi götürüb, yurda,

Yüz on üç yaşında ana qayıdır.

 

Artıb bir el olub, nəvə, nəticə,

İndi bir ocağa min ocaq dönür.

Adam uşaqlaşır qocalanda da,

Bu ana həm qoca, həm uşaq dönür.

 

Götürüb qəhraman şəhərimizdən,

Tutub əllərindən oğlu, nəvəsi.

Bir zaman dediyi bayatıları,

İndi əvəz edir vüsal nəğməsi.

 

Ayaqlar deyil ki, təkcə yol gedən,

Adamı aparan həm də ürəkdi.

Torpaq hamımıza anadır, amma,

Axı torpağa da ana gərəkdir.

 

Özünü yurduna gümrah saxlayıb,

Bu yaşda ananın qəddinə bir bax.

Qəbrin qoyub gəlib doğmalarının,

Vətən sevgisinin həddinə bir bax.

 

Qan tökülən yerə güllər tökülüb,

Bu torpaq yerlərin ən güllüsüdür.

Vətən həm özüdür, həm də dünyadan,

Köçən doğmaların təsəllisidir.

 

Bu təzə ömrünü başlayır elə,

O köhnə ömrünün bitən yaşında.

Bir ana qayıdır yurduna sarı,

Vətən qoxusunda, Vətən yaşında.