Tofiq  Əmrahov - Sevginin göz yaşları...

YAZARLAR 11:24 / 29.08.2026 Baxış sayı: 960

Davamı...

Dost idik onunla.

Aramızda yaş fərqi olsa da, sirrimiz bir idi. Bir-birimizdən heç nəyi gizlədə bilməzdik. İstəsək də, istəməsək də, ürəyimizdə olanı bir-birimizə danışardıq.

Bəlkə də dostluğun ən böyük xoşbəxtliyi elə budur — yanında özünü gizlətməyə ehtiyac duymadığın bir insanın olması...

Bir gün o, gündəliyini mənə verdi.

Bir qədər susdu. Sonra gözlərini məndən qaçıraraq sakitcə dedi:

— Oxu, qardaşım... oxu. Yarıda qalan, tamamlanmayan bu həyatımı oxu...

Gündəliyi əlimə aldım.

Vərəqlədim.

Oxudum...

Yetmişinci illərin söhbəti idi.

O vaxt mən gənc idim. İyirmi yeddi yaşım vardı. Böyük bir təsərrüfata rəhbər təyin olunmuşdum. Gecə-gündüz həvəslə çalışırdım. Planlar, öhdəliklər, təsərrüfatın qayğıları... Hər günün öz işi, hər işin öz məsuliyyəti vardı.

Rayon rəhbərliyi arasında xeyli hörmət qazanmışdım. Hətta mənə böyük etimad göstərirdilər.

Hər il sanatoriya-kurortlara göndərilirdim. Soçi, Kislovodsk, Krım, Yalta...

Hər biri ayrı bir xatirə idi.

Amma həmin il nədənsə getmək istəmədim.

Öz-özümə dedim:

— Bu dəfə uzaqlara getməyəcəyəm. Elə öz sanatoriyalarımızdan birində dincələrəm.

Mərdəkan-Günəşli sanatoriyasını seçdim.

Onda bilmirdim ki, insan bəzən istirahət etmək üçün getdiyi bir yerdən bütün ömrünü dəyişdirən bir xatirə ilə qayıdır.

Mən də bilmirdim...

Mərdəkan-Günəşli mənim üçün sadəcə bir sanatoriya olmayacaqdı.

Orada keçirdiyim günlər həyatımın ən gözəl və ən ağrılı səhifəsinə çevriləcəkdi.

Elə hər şey də oradan başladı...

Sanatoriyaya çatdığım gün hava sakit idi. Dənizdən gələn yüngül meh adamın üzünə toxunur, sanki bütün yorğunluğunu özü ilə aparırdı.

Mən isə illərin iş yükündən sonra ilk dəfə idi ki, heç nə haqqında düşünmədən bir neçə gün keçirmək istəyirdim.

Səhər tezdən dənizin sahilinə düşürdüm. İnsanlara baxır, onların söhbətlərini dinləyir, bəzən də tək-tənha gəzirdim.

Həmin gün də belə idi.

Sahil boyu gedirdim.

Birdən...Gənc

bir xanım gördüm.

İlk baxışda onun kim olduğunu, haradan gəldiyini bilmirdim.

Amma qəribə bir hiss keçirdim içimdən.

Sanki onu ilk dəfə görmürdüm.

Sanki haradasa, nə vaxtsa, başqa bir zamanda onunla rastlaşmışdım.

O mənə baxdı.

Mən ona...

Və həmin bircə baxışın içində

illərlə davam edəcək bir sevginin ilk işığı yandı.

O zaman bilmirdim ki,

bəzi baxışlar insanın ömrünə təsadüfən gəlmir.

Bəzən bir baxış

bir ömrün başlanğıcı olur.

Bəzən isə...

yarıda qalacaq bir ömrün...

Davamı var..