Tahir Rzayev,  Komitə sədri  : -" Kəndli torpağa bağlanmalıdır".

İqtisadiyyat 09:59 / 25.11.2025 Baxış sayı: 1818

Kənd təsərrüfatında bir çox güzəştlərin tətbiqi, əlbəttə ki, aqrar sektorunun inkişafında əhəmiyyətli rol oynayır. 2026-cı ilin büdcə layihəsinə əsasən, mineral gübrələrlə yanaşı üzvi və üzvi mineral gübrələrin idxalının və satışının ƏDV-dən azad olunması müsbət dəyərləndirilməlidir.

Yenises.az  bildirir ki, bu sözləri İqtisadiyyat.az-a Milli Məclisin Aqrar siyasəti komitəsinin sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, sözsüz bu, sahibkarın daha yaxşı işləməsinə və gəlirlərinin artırılmasına bir stimuldur: “Aqrar sektor çətin bir sahədir. Çünki bu, insanların zəhməti ilə, onların çalışqanlığı ilə bərabər, həm də təbiətin yaratdığı şəraitdən çox asılıdır. İqlim dəyişikliyi, müharibələr və müəyyən yoluxucu xəstəliklər dünyada bütün illər ərzində kənd təsərrüfatına müəyyən ziyanlarını vurur və bu, qaçılmazdır. Ona görə də sahibkarlığı inkişaf etdirmək, əkinçiliyə imkanlar yaratmaq üçün güzəştlərin tətbiq edilməsi bu günün tələblərindən irəli gəlir və ölkədə bu sahədə çox mühüm tədbirlər həyata keçirilir”.

Komitə sədri bildirib ki, kənd təsərrüfatı sahələrinin bir çox vergi ödənişlərindən azad edilməsi, əlavə subsidiyaların ayrılması və güzəştlərin tətbiqi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün, insanların kənddə qalıb işləməsi, özlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün atılan uğurlu addımlardır və bu da son illər aqrar sahədə müəyyən nəticələrin əldə olunmasına, göstəricilərin artırılmasına zəmin yaratmışdır:

“Mineral gübrələrin və üzvi mineral gübrələrin idxalının və satışının ƏDV-dən azad olunması da məhz bu məqsədə xidmət edir. Kəndli torpağa bağlanmalıdır, insanlar kənddən şəhərə üz tutmamalıdır, kəndlinin təsərrüfat həyatı inkişaf etdirilməlidir, möhkəmləndirilməlidir, insanların vəsaiti öz cibində qalmalıdır və bu istiqamətdə tədbirlər ildən-ilə genişləndirilməlidir. Bu dövlətin strateji bir hədəfidir və ölkə rəhbərinin iqtisadi kursu, kənd təsərrüfatına göstərdiyi qayğı nəticəsində bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün sahibkarlığın inkişafına yeni bir təkan vermişdir. Ona görə də qaldırılan məsələlər və müəyyən güzəştlərin tətbiqi təqdirəlayiqdir və bu, hər bir sahibkarın, hər bir torpaq mülkiyyətçisinin, elə bilirəm ki, ürəyindəndir”.