Tahir Rzayev, komitə sədri : - " Dabaq xəstəliyi həm insanlar, həm də heyvanlar üçün çox təhlükəlidir."
Dabaq xəstəliyi ilə əlaqədar əksər bölgələrdə heyvan bazarları bağlanıb. Bazarların bağlanması müəyyən çətinliklərə səbəb olub. Qəssablar isə bildiriblər ki, bazar bağlı olduğundan kəsimlik heyvan tapmaq çətinləşib.
Yenises.az xəbər verir ki, hamını narahat edən bu məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev açıqlama verib. Komitə sədri vurğulayıb ki, bölgələrdə heyvan bazarlarının bağlanması bu günün tələbidir və məqsədəuyğundur:
“Çünki müəyyən heyvan xəstəliyinin yayılması ehtimalı var və həm də bu xəstəliklər artıq mövcuddur. İnsanların və ya heyvanların sağlamlığının qorunması üçün hazırda heyvan bazarlarının sərbəst işlənilməsinə müəyyən məhdudiyyətlər qoyulub. Ancaq bu o demək deyil ki, kəsim məntəqələri öz fəaliyyətini dayandırmalıdır və ət satışı olmamalıdır”.
T.Rzayev bildirib ki, sağlam heyvanlar müəyyən analizlərdən keçirildikdə, satış üçün əlverişli olduqda kəsimə gedəcək və bu, bazara çıxarılacaq:
“Sözsüz ki, heyvan bazarlarının bağlanması müəyyən qaydada qiymətlərə təsirini göstərə bilər. Ancaq yenə də, insanların sağlamlığı daha önəmlidir. Bu sahə ilə məşğul olanlar sağlam heyvanların bazara çıxarılmasına, xəstə heyvanların çıx-daş edilməsinə diqqətli olmalıdırlar. Əks təqdirdə, insanlar müəyyən xəstəliklərdən əziyyət çəkə bilərlər. Müvafiq orqanlar bir neçə gündür qabaqlayıcı tədbirə keçiblər. Yerlərdə çox ciddi araşdırmalar aparılır, bazarların təmizliyi, orada qanunvericiliyə uyğun olaraq qaydaların möhkəmləndirilməsi, məsuliyyətin artırılması istiqamətində işlər görülür. Bu, insanların sağlamlığı üçün çox vacibdir. Çünki qorxulu dabaq xəstəliyi həm insanlar, həm də heyvanlar üçün çox təhlükəlidir. Bunun qarşısını almaq üçün hər bir kəs qaydalara düzgün əməl etməlidir”.