"SUS" ŞEİRİNİN FƏLSƏFƏSİ VƏ MƏNƏVİ YÜKÜ – TƏHLİL:
SUS
Dinmə, eləcə sus
sus və bax…
Necə ki, susar Allah,
necə ki, baxır Allah.
Bu məmləkətdə
Allahı tanımayanlar,
Allahı görməyənlər
Allahlıq edir, -
Sən kimsən axı?
Baxma ki, hər gün
minlərcə insan əlini göyə qaldırıb
Allahdan nicat diləyir,
Bu məmləkətdə
Allah heç nəyi görməyir.
Anaların ahından,
Allahsızların allahlıq iddiasından,
Günahsızların günahından
Göylə yerin arasına
bir sədd çəkilib, -
sərhəd çəkilib,
pərdə tutulub
yerlə Göyün arasına,
Allah görmür heç nəyi.
Dinmə, eləcə sus,
Necə ki, susur
torpaqdakı ağaclar,
ağaclardakı budaqlar,
budaqlardakı yarpaqlar…
Sus, necə ki, susur
Bütün Allahlar.
2006-cı il, Bayıl türməsi
***
Faiq Balabeylinin Bayıl türməsində yazdığı “Sus” şeiri təkcə poetik etiraz deyil, insanın ilahi ədalətə inamının sarsıldığı bir məqamda mənəvi çöküşün, ruhun qapandığı və dünya ilə Tanrı arasında görünməz bir pərdənin çəkildiyi dərin psixoloji vəziyyətin ifadəsidir. Bu şeirdə “susmaq” həm üsyanın ən son mərhələsidir, həm də üsyanı qoruyan səssiz qüdrət kimi görünür. Şairin susmaq çağırışı əslində təslimiyyət deyil, insanın içində qopan fəryadı Tanrıya yönəltməkdə aciz qalan bir cəmiyyətin halıdır. Burada Allahın susması və baxması metafor kimi işlənərək həm insanların vicdansızlığına, həm də şairin ruhundakı boşluğa işarə edir. T
anrını “susmağa” bənzədən şair əslində cəmiyyətin ədalətsizliyini, gücsüzlərin səsini eşitməyən quruluşu tənqid edir. “Allahı tanımayanlar Allahlıq edir” misrası isə hakim güc sahiblərinin özlərini toxunulmaz saymasına, dəyər və mənəviyyatı ayaqlayan bir sistemin hökm sürməsinə poetik üsyandır. Burada sual “Sən kimsən axı?” şəklində təkcə bir insana deyil, bir dövrün bütün zalım güclərinə yönəlmiş ittiham kimi səslənir. Şair bu məmləkətdə “Allah heç nəyi görmür” deyərkən ilahi ədalətin yoxluğunu deyil, onu görməzliyə vuran insanların riyakarlığını açır. Anaların ahı, günahsızların günahkar sayılması, allahsızların allahlıq iddiası, bütün bunlar Tanrı ilə bəndə arasında çəkilmiş “sədd”, “sərhəd”, “pərdə” obrazları ilə ifadə olunur.
Əslində bu səddi çəkən Tanrı deyil, ədalətsizliyin bütləşdirildiyi cəmiyyətin özüdür. Şeir boyu susmaq həm ağrının, həm də hikmətin rəmzi kimi dönüb-dolaşır: torpaqdakı ağacların, ağaclardakı budaqların, budaqlardakı yarpaqların susması kainatdakı ümumi səssiz fəsli, varlığın əzabını və həyatın dözümünü göstərir. Burada susmaq həm bir yaradılış qanunu, həm də insanların eşitmək istəmədiyi həqiqətlərin gizlənmə formasıdır; “bütün Allahlar susur” deyimi isə poetik hiperboladır və insanların uydurduğu saxta allahlara, güc sahiblərinə, yalançı tanrılıq iddialarına birbaşa zərbədir.
Beləliklə, şeir insanın Tanrı ilə cəmiyyət arasında sıxılıb qaldığı, susmağın üsyana çevrildiyi, ədalətsizliyin isə ilahi sükut illüziyası yaratdığı faciəvi bir psixoloji mənzərəni təqdim edir. Faiq Balabəyli susmağı həm dərin ağrının, həm də dərin idrakın forması kimi təqdim edir. Bu sükut heç bir zaman təslimiyyət deyil, çürüyən dəyərlərə qarşı görünməz bir etirazdır.
“Sus” şeiri insanı öz daxilindəki Tanrıya qayıtmağa, ədaləti bərpa etməyin yolunu göydə deyil, insan vicdanında axtarmağa səsləyən güclü poetik fəryaddır.
Sevil Azadqızı