Ayaz Arabaçı - VİCDANIN SƏSİ
Gecə saat bir idi,
Yorulmuşdum-
Gözlərim yuxuya əsir idi.
Təzəcə rahatlaşıb
Girmişdim ki, yerimə.
Qapımı kimsə döydü.
Durub tələsik açdım.
Bir qoca dayanmışdı,
Kömür kimi qaraydı,
Sanki bir əl, yanmışdı.
Soruşdum, kimsən, belə
Gecənin günortası
Nə istəyirsən məndən?
Ağzında övkələdi
Qoca
Sözləri dən-dən.
-Mən sənin vicdanınam.
Lap çoxdan unutduğun..
Heç vaxt fikir verməyib,
Hər vaxt ucuz tutduğun..
Dedim, nə istəyirsən,
Sözünü de yatıram.
Onu özüm bilərəm,
Səni harda atıram.
Səni kimə satıram.
Mənim öz həyatım var,
Sən niyə qarışırsan...
Haqlıyam mən bilərəm,
Haqsızam mən bilərəm.
Söhbəti çox uzatma,
Səni tamam silərəm.
Dedi, dayan, ay insan,
Sözüm var, qulaq as sən.
Dünən bir ac yetimin
Yanından keçdin laqeyd.
Etdim dəftərim qeyd.
Səndən yemək istəyən
Pişiyə təpik atdın.
Namərdi alqışladın,
Əclafa çəpik atdın.
Cibin pul görən kimi,
Fürsət düşdü əlinə,
Sataşdın qız-gəlinə.
Haqqın yolunu azdın
Birinə torba tikdin,
Birinə quyu qazdın.
Unutdun halallığı,
Daddın haramı bol-bol.
Bir qoca əl uzatdı,
Dedin ki, cəhənnəm ol.
Bir dostun dara düşdü
Tapılmadın yanında,
Yoxa çıxdın anında.
Sonra bir özgəsinin
Basıb haqqını yedin.
Əvvəl beləmi idin?
Adamlığın varıydı,
İnsanlığın varıydı.
İndi sənin boynunda,
Min məzlumun ahı var.
Dedim boş ver həyatda
Hamının günahı var.
Dedim, dünya belədir,
Vicdan mənəmi qalıb.
Bu boş təknə, bu boş cib,
Cüzdan mənəmi qalıb.
Çoxları quyu qazır,
Çoxları corab hörür..
Niyə sənin kor gözün
Elə tək məni görür.
Qoca təəssüf ilə
Ah çəkərək dərindən
Dedi borcumdur səni
Xəbərdar eləyim mən.
Gen qazan, dərin qazan,
Düşəcək özü hökmən.
Nə qədər ev yıxmısan,
Yıxıb sərvət yığmısan.
Haram tikə tıxmısan,
Hamısının əvəzi
Piltə-piltə çıxacaq.
Geci-tezi var, həyat,
Səni hökmən sıxacaq.
Gecənin bir aləmi
Öz doğmaca vicdanım,
Mənə min nifrət qusdu.
Çöldə külək başladı,
Mən susdum...
O da susdu,