Nurafiz - Səni göz yaşından tanıdım , gözəl.

Ədəbiyyat 17:17 / 20.11.2026 Baxış sayı: 497

 

Sən salam verəndə mən tanımadım,

Səsimdən oxudun kiməm, nəçiyəm.

Qırx ildi səninçün şəhərli oğlan,

Özümçün hələ də həmin kəndçiyəm.

 

Həsrətin üzünə daş yamanaydı,

Arada illəri qaçaq salanda.

Hərəmiz o kənddən uzaq bir eldə

Ayrıca kül töküb ocaq salanda.

 

Bir oğlan boylanır xatirələrdən,

Öpür göynərtilər könül simini.

Ağlaya-ağlaya gülürsən, gülüm,

Göz yaşın yuyammır təbəssümünü.

 

Üzündə yaddaşın şəkli köhnəlib,

Yadımdan çıxmışdı o üz, o nəzər.

Tanıya bilməzdim min yol görsəm də,

Səni göz yaşından tanıdım, gözəl