SÜLEYMAN ABDULLA. -ADI VƏTƏNİN ŞEİRİ
Düzdür, vətən deyib adına, sevdik,
Olmadı yerimiz - yurdumuz, amma.
Hər yerdə deyirik, abad, şən-filan...
Nə olsun var imiş Ötükən-filan,
Heç vaxt ulamadı qurdumuz, amma...
Biz öləndə düşdük yadına, sevdik.
Özünün olmadı dövləti, varı,
Aldılar qızılı, ləli, incini...
Yaşadıq həyatın ən girincini...
Dilənçi günündə gördük dostları,
Uyduq işbazların şadına, sevdik...
Bağda bəhərindən, dağda qarından,-
Qaldı nemətindən bizə göz dağı,
Quru söhbət dağı, islaq söz dağı...
Həzz deyil, dərd düşdü bəhri-barından,
Özgəni ağzının dadına, sevdik.
Başa göy dar imiş, ayağa yer dar,
Əl yeri qalmadı qoymağa canı.
Qaraldı güzəran, gün-dirrik hanı?!
Kəsdi əhdimizi sərt ruzigarlar,
Düşdük bəlaların badına, sevdik...
Ölümlü-itimli döyüşü bizim...
Çətin savaşlarda axdı qanımız,
Ədalət gəzməkdən çıxdı canımız...
Oldu xainlərin söyüşü bizim,
Dəyişdik çörəyi cadına, sevdik...
Bu necə dünyadır, bu nə aləmdir,
Baharı, payızı, yayı, qışı zülm.
Yaşamaq budursa, yaşayışı zülm...
Bütün sevgilərin axırı qəmdir,
Bənzətdik ən gözəl qadına, sevdik.
Açan gül-çiçəyi, solan xəzəli
Öpüb, torpağına inci, dürr dedik...
Kölə ömrü sürüb:- budur hürr!-dedik...
Yox imiş zülmünün sonu, əzəli,
Amma vətən deyib adına, sevdik!