Firidun Agazadə - Dərd
“Elə bil sənətkar hər şeydən əvvəl
Ürək ağrısına abunəçidir” - Məmməd Araz
Dərd elə bil mənim qardaşım oğludur,
Qaça-qaça gəlir qabağıma,
Yüyürə-yüyürə çıxır qarşıma.
Atılır üstümə, üzümdən öpür,
Saçımı dağıdır, gözümdən öpür.
Bir şirin, bir isti sözümdən ötrü
Asılır qolumdan, çıxır çiynimə
Girir qucağıma, qoynuma,
Minir boynuma...
Bu dərdi boynuma mən çıxartdım, mən
Bu dərdi boynuma mən mindirdim, mən,
O qədər mehriban dindirdim onu,
O qədər üz göstərdim, –
İndi boynumdan düşmür.
Qardaşım oğlu El-man!
Har-da-san!?
Sən uşaqlıqda boynuma çox minirdin,
Gəl çıx,
Bəlkə, bu dərd düşə mənim boynumdan.