Şükür Şənol - Söz və sözdən öncə
...bir yay səhərindən sonra,
artıq oğlum səndən sonra
heç sevgim qalmadı fani dünyaya
səsim, ünüm qərib gəldi
unutduğum o çöllərə, dağa, daşa
söznən uduzdum hər şeyi
mən indi görürəm, indi bilirəm
ruhu təltif sözünən
çıxmaq olmur dərdi başa...
.............................
alına yazılıb, baxta yazılıb
kimi dövlətdə, kimi sözdə möhtəşəm
qarışqa dən dartan kimi
ağ kağıza söz çəkməkdi
mənim işim, mənim peşəm...
.............................
qəlbdən, candan, ətdən, qandan
doğulan söz
vurdular tökülən qanı olmadı
sıxdılar boğulan canı olmadı
deyirlər əkizik, deyirlər tayıq
qardaş belə olmur, dost belə olmur
birimiz yuxuda, birimiz ayıq...
.............................
bu, yıxacaq belə kimi
bu ayaqdan ələ kimi
daşdan ağır şələ kimi
yol gedirəm bu sözünən...
...alıb yuxumdan aparır
tutub yaxamdan aparır
dartıb çuxamdan aparır
yol gedirəm bu sözünən...
...dəryadan yel atı çıxır
gün düşür qanadı çıxır
özü zindan, adı çıxır
yol gedirəm bu sözünən...
...dədə, söylə, danış ki sən
birin, onun, yüzün... gedir
dağın gedir, düzün gedir
söz çəkirsən, sözün gedir
gecən və gündüzün gedir...