Şakir Xanhüseynli - İTHAF şeiri
dost, məndən
nə gözləyirsən?
günlə gündün, ayla aydın;
bir zamanlar qiblə yönüm-
hər yandan sənə sarıydım...
ən pisimə gələn bu ki,
hamıdan biri oldun sən...
əgər rəva bilsə idin,
zəhər içərdim əlindən...
bunu anlamaq çətinmi
vaxt kimi dəyişir necə...
yenə bilmək istəyirəm:
canın necə? işin necə?
qəlbin qaydasınca vurur?
düzünü de, çapır atın?
mən üstümdən biləmmirəm
yorğunluğu necə atım...
çox eşitdim kimin isə
sanki qanı bir qaşıqdı;
elə nazilib dərisi
sümüyünə yapışıbdı...
bax, indi o haldayam mən,
nə olsun yerlər, göylər var;
görürəm ki, öz yoluyla
heç getməyən bir şeylər var...
dost, əvvələ qayıdımmı,
ta xatirəndə od yoxdu,
sənlə bir vuran ürəyim
var idi, indi o yoxdu...
hər kəs öz yoluyla getsin,
getsin nəşəsi, dərdiylə;
diqqətlicə ayağının
altına baxmaq şərtiylə...
böyük sandığımdan kiçik
olana daha nə sözüm;
yenə arzum:
yetmişinə yaxınsan ha,
astanasına çat yüzün!..
09.04.2026