Sevinc  Qərib - YENƏ

Ədəbiyyat 21:00 / 30.10.2026 Baxış sayı: 754

 

Yenə əllərimin ünvanı göylər,

yenə dualardı son ümid yerim.

Mələklər duamı Tanrıya söylər,

unudar kədəri, sevinər şeirim.

 

Ataram könlümdən qüssəni, qəmi,

gözümə sevincdən yaşlar düzülər.

Yetişər ömrümün o vüsal dəmi,

həsrətin əlimdən əli üzülər.

 

Ruhuma sarılar yenə o işıq,

qorxulu yuxular tərsə yozular.

Dönər qollarıma o dəli aşiq,

yenə çiçək açar pöhrə arzular..

.

Əlimi havada yelpik eylərəm

çəkilər buludlar dağlara sarı.

Günün ətəyindən tutub əylərəm

yenə sevinc olar könlümün barı.