Sədaqət Kərimova - ŞAHDAĞ MÖCÜZƏLƏRİ

YAZARLAR 18:36 / 14.03.2026 Baxış sayı: 190

​​​​​​

Allahlar dağı

Azərbaycanın fiziki xəritəsində Şahdağın gözəllikləri ilə müqayisə oluna bilən ikinci dağ yoxdur. Bəzi tədqiqatçılar Qusar rayonu ərazisindəki Şahdağ, Şah yaylağı, Şahyurdu, Şahdüzü, Şahbulaq, Şahnabat kimi yer adlarını Şah Abbasın adı ilə bağlayırlar. Guya Şah Abbas 1620-ci ildə özünün Cənubi Dağıstana hərbi yürüşü zamanı Yan silsiləsinin uca dağını Şah dağı, çadır qurduğu yaylağı Şah yaylağı və sair adlandırmışdı.

Lakin bu fikir həqiqətə uyğun deyildir. Əsrlər boyu bu ərazidə yaşayan insanlar bu möhtəşəm təbiət abidəsinə ad qoymaya bilməzdilər. Çox güman ki, ucalığına, əlçatmazlığına, mənzərələrinin gözəlliyinə görə bir zamanlar ona “dağların şahı” mənasını verən “Şahdağ” adı verilmişdir.

Uzaq keçmişdə ləzgilər Şahdağı “Allahlar dağı” adlandırmışlar. Bunun tarixi çoxallahlılıq dövrünə gedib çıxır. Ləzgilər qədim dövrlərdə 30-dan çox Allaha sitayiş edirdilər. Onların təsəvvürlərinə görə allahlar Şahdağın başında yığışır, taleyüklü məsələləri orada həll edirdilər.

Bir çox qədim xalqlar kimi ləzgilər də dağların müqəddəsliyinə inanırdılar və əmin idilər ki, onlar ilahi varlıq tərəfindən yaradılıblar. Samur çayının bir tərəfində yaşayan ləzgilər üçün Şahdağ, o biri tərəfində yaşayan ləzgilər üçün isə Şalbuzdağ Allahların dağı hesab olunurdu.

Xalq arasında belə bir inanc var ki, yeddi dəfə Şahdağın və ya Şalbuzdağın zirvəsinə qalxmaq bir dəfə Məkkəyə getməyə bərabərdir.

Ləzgilər Tufan, Bazardüzü, Kitin, Pitan, Sarfun, Keleh, Calğan, Yaru, Nisen, Vaxçaq, Kiçen dağlarına da sitayiş etmişlər.

Şahdağ şəlalələri

Respublikamızın ən gözəl və gur sulu şəlalələri Şahdağ massivində çağlayır. Onların sayı 12-dir. Bu şəlalələr aşağıdakılardır: Gurgur, Kabaş, Tanurqan, Tanqu, Lavur, Latsar, Tsar, Çar, Qoşa şəlalə, Kvankil, Tsırıq, Tsiriq.

Qar sularından əmələ gələrək sıldırımlı yamaclarda birləşən, gurultu ilə dərələrə tökülən bu şəlalələrdən ən böyüyünün adı Gurgurdur. O, Kabaş dağındadır və 400–500 metr hündürlükdən axır.

Şahdağ şəlalələri qışda donub buz bağlayanda da onların gözəlliyindən doymaq olmur. Rəssamın yaratdığı əsər kimi gözəl və təkrarolunmaz olan bu şəlalələr gəlinin başındakı ağ duvağa bənzəyir.

Qoşa şəlalə

Ləzə dərəsində çoxlu şəlalələr çağlayır. Qoşa şəlalə ilə bağlı belə bir rəvayət danışırlar. Bir çoban bir qıza vurulur. Qız da ürəyini ona verir. Lakin onun varlı valideynləri kasıb çobanla qohum olmaq istəmirlər. Qızı varlı bir dul kişiyə nişanlayırlar.

Gənclərin yalvarışlarına məhəl qoymadan toy hazırlıqlarına başlayırlar. Çarəsiz qalan sevgililər toy gününə bir gün qalmış at belində kənddən qaçırlar. Lakin xəbər tez yayılır. Sevgililər dağın başına çatanda arxalarınca çapıb gələn atlılar onları dövrəyə alırlar. Əlacsız qalan gənclər özlərini dərəyə atırlar. Onları təqib edən atlılar heyrətdən donub qalırlar: gənclərin özlərini atdıqları yerdə, çılpaq qayaların başında iki şəlalə yaranmışdı.

O vaxtdan həmin şəlalələr yanaşı axır. Onların köpüklü suları gurultu ilə axaraq iki gəncin nakam sevgisindən danışır.

Şah yaylağı

Qafqazın ən gözəl guşələrindən biri sayılan Şah yaylağı Şahdağın cənubunda, 2800–3000 metr hündürlükdə yerləşir. Bu alp və subalp çəmənliklərinə günəş işığı çox, yağıntı isə az düşdüyündən aşağıda sıx duman və yağış olduğu halda, yuxarıda hava aydın və günəşli olur.

Burada “alp xalçaları” adlanan çəmənliklərdə otların və çiçəklərin hündürlüyü iki metrə çatır. Bu yaylaqlar əvəzsiz otlaq sahələridir.

Sevgililər körpüsü

Şahnabat çayının yuxarı axını iki nəhəng dağ silsiləsinin arasındadır. Şahyurd yaxınlığında, Şahnabat çayının gur axan yerində təbiət möcüzə yaratmışdır. Çayın hər iki sahilindəki sıldırım qayalar birləşərək təbii körpü əmələ gətirmişdir. Körpünün altından axan gur çayın səsi insanı vahiməyə salır.

Bu körpü haqqında belə bir əfsanə danışırlar. Kasan kəndində bir-birini sevən iki gənc yaşayırmış. Oğlan kasıb, qız isə varlı olduğuna görə valideynlər onların evlənməsinə razı olmur.

Sevgililər qaçaraq Şahdağa tərəf gedirlər. Şahnabat çayının yuxarı axınına çatanda yol bitir - hər iki tərəfdə uca qayalar qalxır. Arxadan onları təqib edən atlılar gəlir. Çarəsiz qalan gənclər özlərini çaya atmaq istəyəndə möcüzə baş verir: iki sıldırım qaya bir anın içində əyilərək təbii körpü yaradır.

Sevgililər at üstündə körpüdən keçib xilas olurlar. Onları təqib edən atlılar isə bu möcüzədən heyrətə gələrək geri qayıdırlar.

O vaxtdan həmin körpü “Sevgililər körpüsü” adlanır.