Saqif  Qaratorpaq - Mən çətin adamam,mənim yanımda

Ədəbiyyat 16:18 / 29.06.2026 Baxış sayı: 298

Mən çətin adamam,mənim yanımda

Hünərdi sonacan dözüb dayanmaq.

Bir eşqin oduna səssiz-səmirsiz

Hər gün korun-korun gizlicə yanmaq...

 

Mən çətin adamam...yaz havası tək

Bir anda əhvalım dəyişə bilər.

Ürəyim kəpənək qanadı kimi,

Bircə acı sözdən xal düşə bilər.

 

Nə olar,aldanma şeirlərimə,

Kövrəlmə kədərli misralarımdan.

Mənim günlərimin baharı ötdü,

Nəfəsin buz tutar qəfil qarımdan.

 

Məndə sevincin də tamı başqadı,

Sarılma qüssəyə,batma qəmə, gəl!

Dayanma,bilirəm,yolun uzaqdı.

Dərdimi özünə yük eləmə,gəl!

 

Hələ kül altında gizlənən közəm,

Demə tüstüləyib sönər bu ocaq.

Mən çətin adamam...üzüm dönməsin,

Dönsə,barışmağım müşkül olacaq..