Qəşəm İsabəyli -  HACAĞA ƏMİOĞLU

YAZARLAR 20:08 / 29.06.2026 Baxış sayı: 334

 

(xatirə-portret)

Bizim Xəlsədə bir Hacağamız vardı. O, təkcə bizim deyildi, bütün kəndin Hacağası idi. Gəl ki, o da minlər, on minlər kimi təqaüd yaşına çatmadan öldü. Düzdü, Hacağaya qədər kəndimizin cavan-cavan övladları köçmüşdü dünyadan. Heç birinin də ruhu nigaran deyildi. Amma Hacağa sinəsi dağlı getdi. Boyu bərabəri evlənməli oğlu var idi. Səhər apardı qoyunlarını otarmağa, günorta meyitini gətirdilər.

Bu, gözləri gözəllik axtaran gənc niyə öldü, nədən öldü, kim öldürdü, bilinmədi. Dedilər, özü özünə qəsd eləyib. Adam da 1 kilo yükə əyilən yulğun ağacından özünü asa bilər?!

Elə bu dərd də Hacağanı sındırdı. Günlərlə gedib balasının qəbrini qucaqlayıb, ağlayardı. Axırda yorğan-döşəyə düşdü. Neçə il idi yatdığı yerdən, ehtiyacı olmasaydı, durmazdı. Xəstəliyi vardı, amma ölümcül deyildi. İstəsəydi hələ də yaşayardı. Gəl ki, can qorxusundan hərdən həkimə gedər, qoşa-qoşa “təcili yardım” çağırtdırar, sağalıb ayağa durmaq istəyərdi. Hərdən də həyatdan bezib, günlərlə üzünü divara çevirib yatar, verməsəydilər, dilinə bir qaşıq su da vurmazdı. “Ay Allah!” deyib, özünə ölüm arzulayardı. Qardaşı Molla Hacoğlan gələndə,

–Bir ölüm iynəsi olsaydı, vurardın, canım qurtarardı... – deyib, onu da peşman eləyərdi.

***

Kür üstündə adı bu gün də yaxşılığa çəkilən Hacmayıl bəyin kiçik nəvələrindən idi Hacağa. Elə bizim də kiçiyimiz idi. Birimizin kiçik qardaşımız, birimizin kiçik dayıoğlumuz, birimizin də kiçik əmoğlumuz idi Hacağa. Bəxtinə qohumluğun heç birindən “böyüklük” düşməmişdi. Odur ki, hamımız istəyirdik biz deyəni desin Hacağa. Gəl ki, nə Allah deyəni deyirdi, nə də biz deyəni deyirdi Hacağa.

–Bilirəm, məndən nə istəyirsiniz. İstəyirsiniz kiçiyiniz olum. Məndən ötrü böyük o kəsdir ki... o, böyük elə mən özüməm ki, varam.

Buna görə də Hacağanın adının qabağına bir “tərs” ləğəbini də qoymuşduq.

Rəhmətlik atası Hacalı əmim nə tökmüşdü, onu da yığışdırmışdı Hacağa.

Sovet dönəmində kənd adamları barama qurdu saxlayırdı. Hacalı əmim də adəti üzrə bir yaz günü... Özü danışırdı ki, getdim barama qurdu götürməyə, Hacbala dedi:

–Hacalı, Səftərin oğlu sənə qurd yazmayıb.

Daban aldım Qocalı kəndinə, girdim Əlsahibin yanına:

–Niyə qoymursan mənə qurd versinlər?! – Dedim.

–Sən barama planını yerinə yetirmirsən! – Dedi.

–Elə buna görə?!

–Bu azdı bəyəm?!

Dedim:

–İllərlərcədi Sabirabad barama planını yerinə yetirmir, nə yaxşı hər il ona qurd verirlər?!

Rəhmətliyin xırda gülüşü vardı. Güldü-güldü, sonra dedi, get götür.

Hacağa da atası kimi söz deyənini qabağına diri sözlə çıxardı.

Bir gün bibim oğlanları Ehtibarla Yengibar zarafatla Hacağanı divara dirəyir. Yengibar qaşlarını çatıb, gözlərini zilləyir Hacağaya:

–O nə arvaddı almısan, ə?! Dinəndə də yekə-yekə deyirsən, arvadım var!

–Əlindən iş-güc də gəlmir?! – Bu yandan da Ehtibar deyir.

–Vallah, mən belə arvadı, – qardaşlar xorla deyir, – beş oğlan da doğsaydı, bir gün də saxlamazdıq!

Hacağa da qayıdır ki:

–Neyləyim, yaxşı arvadları seçib götürdünüz, pisini də verdiniz mənə.

***

Hacağa savadlıydı, dərrakəliydi.

Bir dəfə kənd evimizdə oturub, yazı-pozuyla məşğul olurdum. Birdən orta məktəbin aşağı sinfində oxuyan Hacağanın səsini eşitdim:

– ...sobaka kusayet.

Əlim üzümdə qaldı. Tez lüğəti açdım...

Ədəbiyyata da böyük marağı vardı. Yadımdadı, Hacoğlan əmoğluydu, Hacağaydı, bir də bir neçə nəfər, Füzulinin “Ley-li-Məcnun” əsərindən girişi əzbər deyirdim:

“Arayişi-söhbət eylə, saqi,

Ver badə, mürüvvətilə, saqi...”

Söz ağzımdan çıxar-çıxmaz Hacağa səhfimi düzəltdi:

–... mürüvvət eylə....

Bu başın sahibi özünə bir gün ağlamadı. Bəlkə də “yiyəvay” dərdindən Hacağa ali məktəbə sənəd də vermədi heç.

***

Allah elə bil sınağa çəkmək üçün gətirmişdi onu dünyaya. Özünə bab həyat yoldaşı tapmaqda da bəxti yar olmadı Hacağaya. Anası, rəhmətlik Quba əmidostu öz kəndlərindən gözəl bir qız almışdı ona. Nə oldusa Hacağa bu qızdan üz döndərdi. İş düşdü məhkəməyə.

Hakim Hacağaya güc gəlmək istəyib:

–Yoldaşını boşaya bilməzsən!

–Niyə, cənab hakim?

–İxtiyarın yoxdu!

–Cənab hakim, şalvara kağızdan yamaq qoymaq olar?!

Ağlı bir şey kəsdirməyən hakim mat-mat baxır Hacağanın üzünə. Sonra da hirslə deyir:

–Bu nə sözdü, ə... nə demək istəyirsən?!

–Demək istəyirəm ki, şalvarı yuyanda, yamaq da yuyulub gedəcək!

***

Üç gün əvvələ qədər bilirdim ki, Hacağa sağdı. Ürəyim bütöv idi. Öz-özümə düşünürdüm, inşallah, sağalıb durar ayağa.

Srağagün qardaşı Hacı Hacoğlan zəng elədi ki, bəs Hacağanı da aparıb dəfn elədik. Deyirdim, ürəyim daşlaşıb, ağlamaram indən belə. Amma Hacağanı torpağa qoyanda ağladım. Qardaşın belə şirin olduğunu bilməzdim.

26-27.06.2026