Fərhad Tapdıqoğlu - Kəlamlar
Ömrümdən yel kimi ötən köhlən -günlərimin üzəngisindən sallaşa-sallaşa yaşayıram.
=
Yana-yana içərisində bişən xörəklərlə yüzlərlə üzləri ağardan qazanların özlərinin üzü qara olub həmişə .
=
İnsanı sevərlər,əşyaları istifadə edərlər.
İnsanları istifadə üçün sevənlər də çoxdur .
=
Sənin üzünə açılan şəhərin yağışlı ,yaxud Günəşli başlamağının elə də fərqinə varma...
Şükr elə ki, sənin yeni günün başlayır...
=
İnsan zirvəyə qalxanda onun ayaqlarının altından qaçan daşların kimlərinsə başına düşmək ehtimalı böyükdür.
=
Biz həyatda hər bir hədiyyədən iki və daha çox ala bilərik...
Ulu Yaradanın bizə hədiyyə etdiyi ömürdən başqa...
=
İndi qızıldan təxti olanlar,elə qızıldan bəxti olanlardır.
=
Ağılsız adamın öz "ağlını" nümayiş etdirdiyi məclisdə iştirak çox üzücüdür.
=
Xəyalımızda anidən qurduğumuz möhtəşəmliyi ,elə anidən də ən zəif səs ,ən kiçicik bir şey uçura bilər.
=
İstidə kef çəkənlərin əksəriyyəti soyuqda,şaxtada əziyyət çəkənlərə borcludurlar.
=
Həyatda kiməsə məsləhət vermək,yaxud kimisə ittiham etmək olduqca asan bir şeydir.
Onu bacarmayan çətin tapılar...
=
Gözəlliyin ,gözəl duyğuların ,gözəl hisslərin yerini hislər ( tüstülər,qurumlar) tutanda fəlakət başlayır.
=
Ürəkdə "yağa düşməmiş"( ürəyin yağına) ağızdan çıxan sözlərin,kəlmələrin dadı-tamı olmaz.
=
Abır-həya olmayan adamda axmaqlığın əsas nişanəsinin olduğunu anlamaq çətin deyildir .
=
"Gözüqıpıq" boyüyən uşaqların azacıq çətinlik görəndə ,bir andaca gözləri "böyüyər"...
=
Ürəyi qurdludursa,qurdun ölçülərinin ,rənginin ,növünün ,sayının heç bir əhəmiyyəti yoxdur...
Qurd elə qurddur...
=
Xəmiri yalanla yoğrulmuş,ilk nəzərdən parlaq işıq kimi görünən saxtakarlıqdan uzaq olaq...
Elə işıqdansa,qatı duman yaxşıdır...
=
Dizlərinizin taqəti,qollarının gücü azalsa da,qəlbinizin saflığı ,ürəyinizin ritmləri və ağlınızın gücü heç zaman azalmasın.
=
Elin gözündən düşməkdənsə,gözlərinin çıxıb düşməsi yaxşıdır.
=
Bu gün "özününküləşdirdiyin " heç bir şey onsuz da nə vaxtsa sənin olmur,unutma!
=
Hər yerdə,hər zaman ,hər kəs ,hər şey üçün bir hədd,ölçü,qədər,norma ,səviyyə var.
Onları aşmağın sonu,nəticəsi arzuolunmazdır.
=
Ağlının gözüylə baxsan səhv etməzsən, daha yaxşı görərsən...
=
Əyri baxsan ,düz görə bilməzsən...
=
Ağılla ürəyin iş birliyi uğurlu olur.
Ürəyini dinləyib,ağılla hərəkət eləsən uğur qazanarsan...
=
Pak insanlar,təmiz vicdanlılar gecələr rahat yata bilmirlər ...
Əsəbləri oyaq olur: haqsızlıq,ədalətsizlik...
=
Yeyənlərin içinə bir yeməyən düşsə ,yeməyə öyrəşməsə,yeməsə...yeyənlər onu da yeyərlər...
=
Əgər su axıb,çüxurunu tapmasa ,mütləq özünü harasa " çırpacaq",yaxud "hardansa atacaq özünü"...
=
İnsan həyatının ağır,çətin bir zamanında ,məqamında ona təsəlli üçün deyilən söz ,kəlmə,cümlə hər şeydən dəyərlidir .
=
Hündürdən yıxılan həm özü əzilər,həm də "kimisə,nəyisə əzər"...
=
Dərdlər boyunduruq kimi keçib boynuma,boğazıma ...daşımağa məhkumam...
=
Özünün kim olduğunu dürüst anlamayan adam ,başqasına düzgün dəyər verə bilməz.
=
Gücümüz çatmayanda arxasınca qarğış yağdırmaqla təsəlli tapırıq...
=
Həqiqətdə cılız olanlar,kimlərinsə nəzərində böyük,ali görünə bilərlər...
=
Əyri insanlar həqiqətin gözünə əyri və sərt baxışlarla baxıb,onu da əyə bilirlər...
=
Vətənə məhəbbət,vətənpərvərlik atadan qalan var-dövlət deyildir ki,irsən keçsin.
Onu aşılayırlar,o hissi yaradırlar ...
=
İnsan ona havayı verilənlərin qədrini-qiymətini çox zaman bilmir,bu da ona baha başa gəlir.
=
Adam var söz,töhmət götürməmək üçün hətta yük də götürər.
=
Yaşadığın günü inamla yaşa,sabaha ümid elə,amma qəlbində sevgi əbədi olsun.
=
Özü-özünə tərbiyə verməyi bacarmayan adam həm çətin tərbiyə olunar,həm də çətin islah olunar.
=
Oxumaq xatirinə oxuyur,danışmaq xatirinə danışırıq...
Yaşamaq xatirinə yaşayırıq...
Bu nə oxumaq,nə danışmaq,nə yaşamaqdır...