Mehdi  Cəlal - ÖMÜR BAŞLAYARMIŞ

Ədəbiyyat 12:24 / 29.06.2026 Baxış sayı: 356

Nazik ağaclarnan hörülən daxma,                                                                                                                                                 

Suvağı samannan yoğrulan daxma,

Səndən, yolum üstə qurulan daxma!

Ömür başlayarmış, gün başlayarmış.

 

Ömür başlayarmış, gün başlayarmış,

Payız-qış, qar-yağış daman daxmadan.

Bir bölük uşaqlı həmən daxmadan

Bir ana günləri alqışlayarmış.

 

O qara yellərin əsdiyi yerdən,

Bir bəndə Allahı səsləyib yerdən.

Çoxları ayağın kəsdiyi yerdən,

Ömür başlayarmış, gün başlayarmış.

 

Yarımcan olsa da gedən gələrmiş,

Vətəndaş dalınca Vətən gələrmiş.

Daxmanın ruzusu göydən gələrmiş,

Göylük böyüklüyə bağışlayarmış.

 

Mənim yaddaşımdan o yana,- ağı,

Nağılım, xatirəm- sinəmin dağı.

Müqəddəs kökümdə dolanan ağrı

Neçə qol-budağı naxışlayarmış...