Ramiz Qusarçaylı - Daş

Ədəbiyyat 11:54 / 29.06.2026 Baxış sayı: 414

 

Hələ gücüm çatır daş qaldırmağa,

Hələ daş yonmağa çatır hövsələm.

Bir harın kefinə özüldən çıxan

O günahsız daşı yona bilmirəm.

Dilimdə daş kimi yonulur sözüm,

Yonur daşdan çıxan fikirlər məni.

Bir yandan yığılıb doluram özüm,

Bir yandan əndərib tökürlər məni.

Daş yağar minnətli alın tərinə,

Dünya düyün-düyün,

bir düyünü mən.

Asıb ürəyimi şaqul yerinə,

Ölçürəm daşların düzlüyünü mən.

Düşüb söz selinə dəli bir həvəs,

Bu iti şəhərin, bu ləng şəhərin.

Yonduğum daşların tozuna dəyməz

Yonqar adamları nəhəng şəhərin.

Elmsiz, həyatsız elmlə həyat,

Köntöy ağıllara baş yonduracaq

Min ildir çarpışır ölümlə həyat,-

Hələ çox Ramizə daş yonduracaq...

Hələ gücüm çatır daş qaldırmağa,

Hələ daş yonmağa çatır hövsələm.

Bir harın kefinə özüldən çıxan

O günahsız daşı yona bilmirəm...