Şakir  Xanhüseynli - HƏR KƏS BİR DAĞ ÇAPANDI, BİL

Ədəbiyyat 13:16 / 31.08.2026 Baxış sayı: 871

HƏR KƏS BİR DAĞ ÇAPANDI, BİL

sən də dağ çapan olmusan?

çapırsan hansı dağları;

qəlbinə çat düşürməyib

yəni ki, heç çapdıqların?..

itiləmək qələmini

həm də bir tişə ucutək;

dağ çapanın ürəyi də

olmalı dağyaran ürək...

ey dağ çapan, sıraya düz

bir-bir dağları,

külüngün

işləyəni tapsan əgər,

demək, yol var sənin üçün...

Sinəsində olan dağla

hər kəs bir dağ çapandı, bil...

Bütün daş atanların da

daşı ayrı, sapandı bir...

səhərin açılır, yeni

bir dağ tapasan çapmağa;

sanki qolların, ürəyin

kürədə döyülübdü ha;

düşsə də bir tikan üstə,

iki daşın arasına;

dağlar çəkilmiş qəlbinin

məlhəm gəzmə yarasına...

nə zamandan dağ çapansan?

ağrılar səngimir canda;

bilən bilirmiş nə yapır

palçığını yoğuranda...

Eşq yolu gedənlərindi,

bax, o qələm də, tişə də...

Heç vaxt olmayanlar olur;

könlüm bir az əndişədə...

kimə dağ çapmaq nəsibsə,

işin əslinə varmalı;

bir qoşunun qabağına

tək özünü çıxarmalı!