Əlizadə Nuri - Eşq də şərab kimi çıxar başına
Halın soruşasan dağda çobanın,
Onun da cibindən bir tütək çıxa...
Göyün ətəyindən elə tutasan
Nə əlin üzülə, nə ətək çıxa.
Qara yola getmir niyə ağ ilə?
O bərki sındırdım bu yumşaq ilə.
Qaçıb oynayasan bir uşaq ilə
Sənin də əlindən çərpələng çıxa...
Güneyin əriyən qarı kimiyəm,
Bir az günbatana sarı kimiyəm...
Çiçəyə vurulan arı kimiyəm
Bir gün bu sevgidən bir pətək çıxar.
Baş aça bilmirəm nə sirsənsə sən,
Dərdin də pas atmaz əsilsənsə sən.
İşıqdan yapışıb gəzirsənsə sən
Qorxma- qabağına lap fələk çıxa.
Eşq də şərab kimi çıxar başına...
O kimdi qələmi sıxan başına?
...Gecə ulduzları yığar başına-
Ay da ürək etməz çölə tək çıxa...