Şakir Xanhüseyn : - AMAN KÖNLÜM...

Ədəbiyyat 08:34 / 23.04.2024 Baxış sayı: 2578

 

tufan qıran budaqlara üzüldük, yandıq,

ancaq qaldı bir başına qırılan qəlblər...

çöl bəzəkli- allı-güllü, iç niyə yanıq,

əgər baxsan, çıxır üzə, baxışa qəmlər...

 

sel aparan bir qara daş olmaq istədim,

yel sovuran bir ovuc qum oldum amma ki...

bir qaranlıq boş kahaya dolmaq istədim,

göydə dolan bulud kimi doldum amma ki...

 

külək yıxan ağaclara bir can sarıldım,

qardaş dedim, bacı dedim, ata, onlara...

yağış döyən yola-izə necə darıldım,

aman könlüm, özünə bir sağlam yol ara...