Kamalə Abiyeva : - TURAL QƏLBİNUR İŞIĞI

YAZARLAR 21:43 / 02.05.2024 Baxış sayı: 2770

 

Körpə ilk işıq axtarar. Gözlərini işığa zilləyər niyəsini bilmədən. Hərdən düşünürəm ki, bəlkə də bilir... Axı həmişə işıq axtarır insan. Ömrümüzün işığı ömrümüzdən keçən insanların işığıdır həm də..Və insan sandığımız bu işığı görmək üçün mənəvi sağlamlığını qoruyur. Bir də fiziki sağlamlığımız var. Ən gözəli fiziki və mənəvi sağlamlığımızın güvəni olanlardı. Onu tanıyanlar bu güvəni tapmış olur.

İşıqlı ailədə dünyaya gəlib. Özü ilə də işıq gətirib. Təkcə doğmalarının həyatına deyil, hamımızın həyatına.
Mən gözümüzün işığını düşünmədən etibar edə biləcəyimiz və varlığı ilə qəlbimizə rahatlıq gətirən Tural Qəlbinurdan bəhs edirəm. Haqqında çox danışılır, yazılır, çoxlarına tanışdı bu ad:oftalmoloq Tural Qəlbinur.

13 yaşında orta məktəbi bitirib. Sonra Tibb universitetində təhsil alıb. Özünün dediyi kimi məktəb və tələbə yoldaşları ondan böyük olub. Əslində yaşca böyük olublar. O, öz zəhməti, savadı, istedadı ilə çoxundan böyük olmağı bacarıb.

Haqqında bu məlumatları öyrəndim:

1995- ci ildən 2001-ci ilə qədər, yəni 13 yaşından Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində  oxuyub.

2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində Vakıf Gureba Tədris xəstəxanasının (Bezmi Alem Vakıf Universiteti) Göz xəstəlikləri kafedrasında oftalmologiya ixtisası üzrə;

2006-2008-ci illərdə İsrailin Yerusəlim şəhərində dünyanın ən aparıcı Tibb Universitetlərindən biri olan Hadassah-Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik fellowship-yüksək ixtisas artırma təhsili alıb.

2009-2010-cu illərdə Kanadanın Toronto şəhərində dünyanın ən aparıcı Tibb Universitetlərindən biri olan Toronto Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik fellowship təhsili alan və göz cərrahı kimi çalışan ilk Azərbaycanlıdır.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olub.

2005-ci ildə  mövzusu: “Neovaskulyar Qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu”olan dissertasiya işinin müdafiəsindən sonra tibb elmləri namizədi alimlik dərəcəsini alıb.

2016-cı ildə, 34 yaşında Azərbaycanın tibb sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsini alan ilk oftalmoloq-həkimdir. Dissertasiya mövzusu: “Tor qişanın irsi distrofiyalarının profilaktika və müalicəsinə yeni yanaşmalar sistemi (eksperimental-klinik tədqiqat)”.

Onu anadan olandan-1982-ci ildən qiyabi tanıyırdım. O vaxtdan dünyaca məşhur  hörmətli professorumuz oftalmoloq-şair Paşa Musayevi tanımışam. Ötən əsrin 80-ci illərində onunla şair  Paşa Qəlbinur kimi tanış olmuşdum. O illərdə alim kimi xeyli uğurları vardı, amma o qədər sadə, təvazökar idi ki, bu haqda heç danışmazdı, forslanmazdı yəni. Sadəcə nurlu biri kimi sevdim onu.  Ömrümüzdən çox insanlar keçir. Amma itirmək istəmədiklərimiz çox olmur Paşa Qəlbinur kimi. Bu iilərdə xanımı ilə tanış oldum, övladları haqqında az-çox bilgilərim oldu. Ayan, Aysel və Tural. Hər üçü uğurlu göz həkimidir. Onların hər bir uğuruna sevinirəm.

Canımız ağrıyanda, sağlamlığımızda problem olanda həkimə getməli oluruq. Öncə həkim axtarırıq-yaxşı həkim. Daha dəqiq-vicdanlı həkim. Görəndə inana biləcəyimiz ki, bu çox vacibdi. Mən təkcə özümün deyil, əziz varlıqlarımın qızımın, nəvəmin, yaxınlarımın göz işığını ancaq sevimli professorumuz Paşama etibar etmişəm. Vəzifəm, varım-dövlətim olmasa da həmişə diqqət, hörmət gördüyüm, heç bir müraciətimi geri çevirməyən çox az sayda dəyərli insanlardan biridir.

Professor-şair Paşa Qəlbinurun davamçıları olan övladları da belədir.

Son illərdə isə Tural haqqında Paşa Qəlbinurun oğlu olmasının fərqində olmadan şox tərif eşitmişdim. Xarici ölkələrdən aldığı iş təklifini qəbul etməyib, vətənə döndüyünü də eşitmişdim. Bu da məni sevindirmişdi.  Savadlı insanlar həm də xalqın mənəvi sərvətidir. Müəyyən səbəblərdən xarici ölkələrə üz tutanlara uğur arzulasam da, onların ölkədən getməsinə çox üzülürəm. Onların arasında haqsızlığa məruz qalanlar da var. Çox istərdim ki, məsul, səlahiyyətli şəxslər savadlı gənclərimizin ölkədən getməsinə diqqətli olsunlar, onlara öz dövlətinin inkişafında çalışmaq üçün şərait yaratsınlar.

Mən sizə öz işinin peşəkarı olanlardan birindən, yalnız xəstələrinin deyil, ölkəsinin də işığını qoruyan 34 yaşında Azərbaycanda tibb elmində ən gənc elmlər doktorundan danışıram. Yazını oxuyanlar arasında “o qədər savadsız professor, ya həkim var ki.”-deyə düşünənlər olacaq. Mən də yazarkən bunu düşündüm. O qədər elmi dərəcəsi olmayan, amma çox savadlı həkim olanlar da var.

 Gözümüzü götürüb yanına getdiyimiz, saatlarla qəbuluna düşməyi gözlədiyimiz, bizə işıq verən, vitreoretinal xəstəliklər və cərrahiyyəsi üzrə uzman olan Tural Qəlbinur isə məhz öz sənətinin ləyaqətini, qüdrətini uca tutan, sevdirən həkimdir. Onu görəndə, ünsiyyətdə olanda, əllərinin sehrini hiss edəndə həkimləri, hətta xəstəliyini də sevirsən. Haqqında  məlumat çoxdur. Mən öz gördüyümü, şahidi olduğumu yazıram.

Amerika Oftalmologiya Akademiyasının, Görmə və Oftalmologiya üzrə Araşdırmalar Assosiasiyasının, Amerika Retina Mütəxəssisləri Cəmiyyətinin, Avropa Retina Cəmiyyətinin, Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyətinin, İsrail Görmə və Göz araşdırmaları Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyəti-Gənc Oftalmoloqlar Bölümünün İdarə Heyətinin və Azərbaycan Tibb Assosiasiyası Jurnalının Redaksiya heyətinin üzvüdür. Tural Qəlbinur bir müddət Moskvada, S.Fedorov adına çoxsahəli tibb mərkəzində çalışıb. 2016-cı ildən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında işləyir.

Bu məlumatları vikipedidən götürdüm.

O, həm də ölkəmizdə  tor qişa-retina cərrahiyyəsini ən müasir üsulla edən ilk oftalmoloq cərrahdır. “Sarı ləkə”, “Şəkərin gözə fəsadları”, “toyuq korluğu” kimi xəstəliklərin müalicəsində eksperimental-kliniki çalışmaları olan və bu çalışmaları dünyanın ən reytinqli elmi jurnallarında çap olunan yeganə Azərbaycan alimidir.

Həkim ilk ünsiyyətdən inam yaratmadısa, çətin olur. Həkimə inamsızlıq varsa, sağalmazsan. Həkimin təbəssümü də məlhəmdir. Laqeyd, soyuq baxışla xəstənin müalicəsindən öncə, işin maddi tərəfini görən həkimin müalicəsi nəticəsiz olar, əksinə mənəvi ağrı verər. Nə yaxşı ki, Tural Qəlbinur kimi öz xalqına xidmət edən, fiziki və mənəvi sağlamlığımızı qoruyan savadlı cavanlarımız var. Məhz sərvətimz olan onun kimi savadlı cavanlar işığımızı qoruyur. Biz də onları qoruyaq. Qoruyaq ki, vətənimizin işığı çox olsun!