Şakir Xanhüseyinli - ÖMÜR BİR AĞAC MİSALI
Yuva
budaqda bir quşun,
sənin qurduğun xəyalmı...
Heyif, payını çalanlar
bir dəfə qapını çalmır...
Yumub gözünü hər şeyə
fikrindəki bir işi gör...
Arxanca su əvəzinə
kimdi atan o daşı, gör...
Kürəyinə yüklənən yük
yolun sonuna varmaqmı...
Ümidsizliyə qapılmaq
elə naümid olmaqmı...
Hesab sora da bilmirsən
üstünə gəlin, ya çıxın;
Kimə deyəsən bu, ağdı,
bu da ki, qara, bir baxın...
Bir anlıq əl bulaşdırıb
hansı düyünü açasan...
Axı, bir çətin sualın
cavabı da deyil asan...
Bir qarışqa yolu tutub
ruzi haqda düşündünmü...
Heç ömründə çörəyinin
duzu haqda düşündünmü...
Kömür ilə əlləşən də
saçlarına ağ düşürür.
Ömür bir ağac misalı,
elə hey yarpaq düşürür...
Ötənlərdən miras təki
gəlib bizə çatan dərd var.
Sayı yüzü, mini aşan
sanki elə bir namərd var...
Xeyir şəri izləsə də,
ayaq basmaz izi üstə.
Gözlə, dua eləyərkən
düşüb qalma dizin üstə...