Bəhram Bilaloğlu - Əlacsız əlaca əlac tapanda
Əlacsız əlaca əlac tapanda,
Verilən məsləhət gərək deyildir.
Sənin tövsiyən də,şirin sözün də,
Kövrək o ürəyə dirək deyildir.
Əlindən gələsi xeyir yoxdusa,
Əlini açmağın fikrini duyma.
Əli açıqlılar dərinə getməz,
Yetiş öz əqlinə nadana uyma.
Günəşə bənzəməz hər gördüyümüz,
Gecə ay olarlar,gündüzsə ulduz.
Ey üzü nur olan,batini zəhər,
Üzməyin kimsəni,etməyin yalqız.
Heç kəs yanımızda durmayacaqdır,
Cənazə namazı bitəndən sonra.
Kimsəni incitmək şərəf gətirməz,
Şərəf,ləyaqətin gedəndən sonra.