Qorbaçovu ildırım necə vurdu və yaxud Ulu Öndər İldırımı necə xilas etdi?

YAZARLAR 11:50 / 08.05.2024 Baxış sayı: 1345

Tərəqqi” medallı Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov respublika miqyasında tanınmış sahibkarlardan biridir. Bir sıra mühüm vəzifələrdə çalışmış, aqrar sahə ilə əlaqədar  qanun layihələrinə 16 təklifi daxil edilmiş bu şəxsin xatirələri əsasında bir neçə yazı yazmaq qərarına gəldim. Bu gün onlardan iksini sizə təqdim edirəm.

 

Qısa arayış

İldırım Nurulla oğlu Məmmədov 1949-cu ildə Quba rayonunun Buduq kəndində müəllim ailəsində anadan olmuşdur. İxtisasca alim-zootexnikdir. Əmək fəaliyyətinə Quba rayonunun "Nizami" adına qoyunçuluq sovxozunda fəhləlikdən rayon kənd təsərrüfatı idarəsinin rəisinə qədər yol keçmişdi.

1982-ci ildə məhz onun təşəbbüskarlığı ilə rayonun heyvandarlıq müəssisələrinə Rusiyadan, Pribaltika respublikalarından ətlik və südlük cins mal-qara gətirilmişdir.

Ötən əsrin 80-ci illərinin ortalarında sovet təsərrüfat sistemi sürətlə dağılanda Buduqda da vəziyyət yaxşı deyildi. Ən böyük qoyunçuluq təsərrüfatlarından biri olan "Nizami" adına sovxozda heyvanat ilbəil azalırdı. Geriliyin qarşısını almaq üçün İ.Məmmədov sovxoza direktor təyin olunmuş və qısa zaman kəsiyində bir sıra uğurlara imza atmışdır. Hətta Buduq kəndində klub binası, sağıcı və naxırçı evləri tikdirmiş,  kənd məktəbini əsaslı təmir etdirmişdir.

2 il sonra rayonun ən böyük, lakin ən geridə qalan heyvandarlıq təsərrüfatına-kökəltmə kompleksinə o, direktor təyin ediləndə "Nizami" adına sovxozdakı iş üsulundan geniş istifadə etmişdir. Aşağı-Atuc kəndində feldşer-mama məntəqəsi, inzibati idarə, orta məktəb binaları, Susayqışlaqda məktəb binası məhz onun bu təsərrüfata rəhbərlik etdiyi dövrdə tikilmişdi. Aşağı-Atuc kəndinə su çəkilməsi, bu ərazidə inzibati vahidliyin təşkili məhz onun gərgin əməyi, təşkilatçılığı sayəsində reallaşmışdır.O, nümayəndə heyətinin tərkibində ABŞ-da, Fransada, Almaniyada, Rusiyada olmuş və həmin ölkələrin fermerlərinin iş təcrübəsi və həyat tərzi ilə yaxından tanış olmuşdur.

Hazırda qoyunçuluq və taxılçılaqla əlaqədar fermer təsərrüfatında çalışan, iş prosesində mütərəqqi texonologiyadan istifadə edən İ. Məmmədov cəmiyyətdə gedən ictimai-siyasi proseslərdən kənarda qalmır. “Tərəqqi” medallı İ. Məmmədov hazırda Quba rayon Ağsaqqallar Şurasına rəhbərlik edir.

“Siz bizi nə hesab etmisiniz?”

1991-ci ilin mart ayının 26-da Kremlidə görüşdə respublikamızı iki təsərrüfat rəhbəri təmsil etmişdir ki, onlardan biri Quba rayonundakı “Şahdağ” aqrofirmasının baş direktoru İldırım Nurulla oğlu Məmmədov idi.

 

İldırım Məmmədova  həmin tədbirdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aqrar komitəsi tərəfindən aqrar sahə ilə əlaqədar əvvəlcədən hazırlanmış yazılı mətn üzrə çıxış etmək  həvalə olunmuşdu. Hətta həmin mətn üzərində 4-5 gün “məşq” də etdirmişdilər. Üstəlik, “Buduq pələngi” (buduqlular etnik qrup olaraq, Quba rayonunda yaşayırlar. Azsaylı xalqın nümayəndəsi olan İ. Məmmədov diribaş, cəsarətli, sözün düzünü üzə deyən və həm də bacarıqlı olduğu üçün onu belə adlandırırlar) kimi tanınan və ipə-sapa yatmayan bu şəxsə dönə-dönə tapşırılmışdı ki, nəbadə, mətndən kənara çıxasan ...

Amma İldırım Məmmədov  ittifaq üzrə 90 nəfər təsərrüfat rəhbərinin iştirakı illə keçirilən həmin tədbirdə çıxışa başlayıb yazılı mətndən bir neçə kəlmə oxuyanda başa düşdü ki, bu şablon çıxışla nə 1990-cı ilin 20 Yanvarında Bakıya qoşun yeridərək faciə törətmiş Qorbaçovun, nə də zaldakıların diqqətini özünə cəlb edə  biləcək. Odur ki, o, əlindəki vərəqləri ehmallıca cibinə qoyub, ürəyindən keçənləri özünəməxsus şəkildə ifadə etməyə başlayır: “Hamı cəmiyyətdə kəndin əhəmiyyətindən danışır, ancaq ona əməli kömək üçün çox az iş görülür. Halbuki, kənd təssərrüfatı sahəsinin nazını çəkmək lazımdır. Siz bizi nə hesab etmisiniz?” Şübhəsiz, bu gözlənilməz sual birbaşa Qorbaçova ünvanlanmışdı. Odur ki, Qorbaçov bu sözlərdən sonra  ildırım vurmuş kimi yerindən vurnuxaraq üzünü İldırım Məmmədova tərəf çevirir.  Onu tərs-tərs süzür, amma sözünü kəsmir. Sadəcə, əlini çənəsinə qoyaraq qulaq asmaqda davam edir.  İldırım Məmmədov isə heç nə baş verməmiş kimi çıxışını davam etdirməklə fikrini əsaslandırmağa çalışır: “Əmək haqqından büdcə ayırmalarının 50 faizədək artırılıb kənd təsərrüfatına daxil edilməsi barədə qaydanı heç cür başa düşə bilmirəm. Bu aqrar bölmə işçilərinin maddi marağının kəskin  surətdə azalmasına səbəb olmuşdur. Bu qaydaya təcili olaraq yenidən baxılmalıdır. Yoxsa, biz ölkəni heç vaxt yedizdirə bilmərik”.

Qorbaçov bu dəfə “Eto ne tak” sözlərini deməklə  İldırım Məmmədovun   sözlərinə reaksiya verir. Amma onun bir qədər əsəbiləşdiyi açıq-aydın sezilir. İldırım Məmmədov isə dayanmaq bilmir: “Aqrar bölmədə tabelikdən və təsərrüfat strukturundan asılı olmayaraq, vahid qiymət və vergiqoyma siyasəti keçirilməlidir. Nəhayət, rəqabətli iş üçün şərait yaratmaq lazımdır. Hələ də bizə məhsulu hansı vəziyyətdə və hara vermək barədə göstəriş verirlər”.

İldırım Məmmədov çıxışının sonunu bir qədər də kəskinləşdirir və Qorbaçova belə bir mesaj da verməyi unutmur: “Bizdə işə can yandırmayanlar üçün daha əlverişli şərait yaradırlar. Bu, ölkəni məhv edir. Belə tərəfkeşliyə son qoymaq lazımdır”.  Qorbaçov növbəti dəfə “Eto ne tak” desə də bu dəfə zaldakılardan biri, o, Murmanskı təmsil edirdi, söhbətə müdaxilə edir: ”O, düz danışır, həqiqəti deyir. Hətta mən bura gələndə bizim bir sağıcı dedi ki, Mixail Sergeyeviçə deyərsən ki, gör bizi nə vəziyyətə salıb ki, heç adi alt paltarı almağa da pulumuz yoxdur.” Onun səsinə digər tədbir iştirakçıları da səs verirlər, həmin adamı da alqışlayırlar.  Bu zaman özünü itirən Qorbaçov elə bir vəziyyətə düşür ki, gəl görəsən.

Nə istəyirsiniz axı biz azərbaycanılardan?

 

Bakıya qayıdarkən milis əməkdaşları hava limanında yoxlanış zamanı İldırım Məmmədova sözün həqiqi mənasında ilişirlər. Bunu özünə təhqir kimi qəbul edən İldırm Məmmədov cibindəki partiya biletini və həmin tədbirdə iştirak etmək məqsədilə ona verilmiş vəsiqəni onlara təqdim etdikdən sonra: “Bu nə partiyadır, bu nə sistemdir” deyərək həmin sənədləri ayaqları altına salır və onları tapdalamaq istəyir. Milis əməkdaşları onu birtəhər sakitləşdirirməyə çalışırlar. Sən demə, milis əməkdaşları İldırım Məmmədova  azərbaycanlı olduğuna görə ilişiblərmiş. Odur ki, o, milis əməkdaşlarına deyir: “Nə istəyirsiniz axı biz azərbaycanılardan? Heydər Əliyevimizi Moskvadan uzaqlaşdırıb ermənilərin xoşuna gəlmək məqsədilə Bakıda soyqırım törətdiniz, ürəyiniz yenə soyumadımı?”

 “Buduq pələngi” bu kimi ittihamlarını davam etdirir. Bir də görür ki, hava limanındakı insanların hamısı onun ətrafındadır. Hava limanının əməkdaşları onu birtəhər sakitləşdirib, təyyarəyə qədər müşayiət edirlər.

 

“Əgər torpaq anadırsa, kəndli onun atasıdır”

 

 Ulu Öndər Heydər Əliyev İldırım Məmmədovun həm Qorbaçovun iştirakı ilə keçirilən görüşündəki çıxışından, həm də hava limanında davranışından bir müddət sonra xəbər tutur. Müəyyən kanallarla onunla maraqlanır.

24 noyabr 1993-cü ildə Prezident Sarayında respublikanın sosial-iqtisadi problemlərinə həsr olunmuş müşavirə keçirilir. İldırım Məmmədov da həmin tədbirin iştirakçıları arasında olur. Hətta o, müşavirənin sonuna yaxın  əlini qaldırıb çıxış etmək istəyir. Onun əlini görən Ulu Öndər Heydər Əliyev deyir ki,  deyəsən  yenə çıxış etmək istəyən var: “Danışmaq istəyən alimdirmi?” O zaman dövlət müşaviri vəzifəsində çalışan Arif Rəhimzadə bildirir ki, yox, cənab Prezident, o, alim deyil, Quba rayonundan gəlmiş adi fermerdir, İldırım Məmmədovdur.

 Kənddən gəlmiş adi bir fermerin, birbaşa aqrar sahə ilə məşğul olan bir şəxsin  nə deyəcəkləri bayaqdan bəri alimləri və ziyalıları dinləyən Ümummilli Lider Heydər Əliyevə maraqlı gəlir. Odur ki, onu tribunaya dəvət edir.

İldırım Məmmədov çıxışına Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə kənd təsərrüfatı sahəsində əldə etdiyi  uğurlarla başlayır və deyir ki, siz Naxçıvandan nə etmisinizsə düz etmisiniz: “Sizin təcrübənizdən bəhrələnmək lazımdır. Bu bütün respublikanı əhatə etməlidir”. Daha sonra o, aqrar sahədə mövcud olan, amma bayaqdan bəri çıxış edənlərin dilə gətirmək istəmədikləri bir sıra problemlərə toxunur: “Məndən əvvəl çıxış edən nazirlər, müxtəlif nazirliklərin əməkdaşları deyirlər ki, kənd təsərrüfatını inkişaf etdirmək üçün tədbirlər görürlər, iqtisadi proqramlar işlənib hazırlanır. Uzun illər kənd təsərrüfatının müxtəlif sahələrində naxırçıdan tutmuş, sovxoz direktoruna kimi həyat yolu keçmiş bir kəndli balası kimi deyirəm. Qardaşlar, bəsdir bir-birimizi aldatdıq. Torpaq inildəyir. Heç bir iqtisadi proqram həyata keçirilmir. Gərək əvvəl biz torpağa münasibət məsələsini araşdıraq. Kolxoz və sovxoz sistemi öz dövrünü yaşayıb. Torpağa münasibətdə başqa məsələlər ortaya çıxıb.Torpağa həmişə ana demişik. Bu mənim şəxsi fikrimdir. Cənab Prezident, əgər torpaq anadırsa, kəndli onun atasıdır. Görün biz nə etmişik, ana ilə atanı bir-birindən ayırmış, onları ayrı-ayrı, ifadəmə görə üzr istəyirəm, qəfəslərə salmışıq. Hansı cəmiyyətin qanunlarında bu yazılıb. Həsrətliləri bir-birinə qovuşdurmalıyıq. Torpaq kəndliyə verilməlidir. Texnika da ona satılmalıdır. Özümüzdə heç bir maşın istehsal edə bilmirik. Texnikanın istismar müddəti başa çatdımı, onu kəndliyə satmaq əvəzinə traktoru metalloma veririk".

Daha sonra fermer təsərrüfatlarından söz açan İldırım Məmmədov deyir ki, mənim fikrimcə, hətta bir adam belə fermer təsərrüfatı yaratmaq istəyirsə, ona yaşıl işıq yandırmaq lazımdır.

 

Səmimi dialoq

Onun çıxışı Ulu Öndər tərəfindən maraqla qarşılanır. Hətta çıxışı zamanı ona bir neçə sualla müraciət edir. Nəticədə maraqlı dialoq alanır. Həmin dialoqun bir hissəsini sizin nəzərinizə çatdırırıq:

İldırım Məmmədov: Mənim 2 hektar torpağım var. Mən də o 50 nəfərin içinə girmişəm.

Ulu Öndər: 50 nəfər... O 50 nəfər fermerlerin ümumi bir koperatividir, ya nədir?

İldırım Məmmədov: Biz onun adını qoymuşuq ailə-fermer təsərrüfatı.

Ulu Öndər: Ailə-fermer təsərrüfatı...

İldırım Məmmədov: Bəli.

Ulu Öndər: Deməli, bu 50 nəfərin hərəsinin özünün torpaq sahəsi var.

İldırım Məmmədov: Hərəsinin özünün torpaq sahəsi var. Özü də bilir ki, bu qədər torpağı var. Hələlik,  biz bir yerdə əkirik-becəririk. Amma texnika imkan vermir.

Ulu Öndər: Başa düşdüm. Bir yerdə əkirsiz becərirsiniz və bölürsünüz.

İldırım Məmmədov: Bölünən bir şey yoxdur. Dövlətə satmışıq bu il 40 ton taxıl. 

Ulu Öndər: 50 ailə, 50 təsərrüfat var...Bunlar qohum-əqrəbanızdır?

İldırım Məmmədov: Qohum-əqrəbadır... Bir də bizimlə işləmək istəyən vətəndaşlardır.

Ulu Öndər: İşləmək istəyən adamlardır.

İldırım Məmmədov: Meyili olan adamlar. Sözü tutan adamlardır.

Ulu Öndər: Ümumi torpaq sahəniz onda nə qədərdir?

İldırım Məmmədov: Deməli, orda 100 hektardır. 40 hektarı biz icarəyə götürmüşük dövlət sektorundan. Bağışlayın üzr istəyirəm, yadımdan çıxdı. Bu heyvandarlıq məsələsi ilə bağlı nazir dedi ki, satmaq lazımdır. İribuynuzlu heyvanlardan söhbət ola bilməz. Bunu nəsə fikirləşmək olar. Onları satmaq olar. Məncə, ancaq qoyunçuluğun o cür pərakəndə şəkildə satılması düz nəticə verməz. Biz rayonda təklif etmişik ki, komissiya yaradılsın icra hakimiyyətində. Mən də o komissiyanın tərkibindəyəm. Təklif etmişik orada biz fermer statusu verək məsələn, bir qoyun briqadasına, verək icarəyə bir fermerə. Uzunmüddətə, 10 il, 15 illik müqavilə ilə. Amma fermerin öz hesabı olsun. Haqq-hesabı olsun. Onun özünün əlavə torpaq sahəsi olsun. Və yaylaq-qışlaq da ona icarəyə verilsin...Ona görə də yaylaq da qışlaq da dövlət inhisarında saxlanmalıdır...Amma qoyunçuluq nisbətən rentabelli sahə olduğu üçün onu hələlik tam bölmək olmaz. Onu icarəyə vermək məqsədəmüvafiqdir. İlk mərhələdə... Torpaq da icarəyə verilsin, camaat yığılıb bir yerdə taxılını əksin.

Ulu Öndər: İndi siz deyirsiniz ki, sizin rayon üzrə özəl sektorda mal-qara çoxdur.

İldırım Məmmədov. Çoxdur. Mən üzr istəyirəm. Biz saymışıq. Mən ora rəis gedən kimi, mart ayında komissiya ayırıb saydırdım...sürülərin 60 faizi, hörmətli Prezident,  xüsusi mal-qaradır.

Ulu Öndər: Kolxoz sürüsi ilə o sürü qarışıqdır.

İldırım Məmmədov: Bəli, qarışıqdır.

Ulu Öndər: Amma 60 faizi camaatındır.

İldırım Məmmədov: Bəli çobanların qoyunlarıdır, sürünün içindədir. 5 adam bir sürüyə baxır. Ümumi sürünün 60 faizi çobanlarındır.

Ulu Öndər: Onda demək çobanlarındır, əhalinin deyil.

İldırım Məmmədov: Yox, eyni zamanda əhalinindir, kəndlərdə saxlayırlar. Əhalinin də malı həddindən artıq artıb. İstər xırdabuynuzlu, istər iri buynuzlu.

Ulu Öndər: Artıb.

İldırım Məmmədov: Heç bir qorxu yoxdur. Mal-qara artıb. Ümumiyyətlə, o yerlər planlaşdırılmış qaydada camaata təhkim olunmalıdır və onlar vergiyə cəlb olunmalıdır... Bu dəqiqə bizim əhalinin savad dərəcəsi o qədər yüksək deyil ki,  vergi müfəttişi ilə üz-üzə oturub haqq-hesab aparsın.Mən təklif edərdim ki, bu qanunlarda dəyişiklik aparılsın kəndlidən bir dənə torpağa görə haqq-hesab alınsın”.

Onu da gözümçıxdıya salmaq istəyirsiniz?

Göründüyü ki, İldırım Məmmədov bu çıxışında, həmçinin Prezidentə yalan məlumatlar verməyə cəhd edən bir sıra şəxsləri də tənqid etməkdən vaz keçmir. Hətta o, 100 ton silitr(bitkilərin boy inkişafı lazım olan kimyəvi maddə) tədarükünü böyük uğur kimi təqdim edən kənd təsərrüfatı nazirinə: “Bu heç mənim təsərrüfatım üçün kifayət etməz... Belə də yalan olmaz axı”, - deyərək münasibətini bildirir.

İldırım Məmmədovun bu kəskin çıxışı ondan əvvəl çıxış edərək aqrar sahədə heç bir problemin yaşanmadığını bildirənlər tərəfindən birmənalı qarşılanmır. Hətta Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, professor Əhməd Verdiyev söz alaraq aqrar sahədə keçirilən islahatlara görə o zaman kənd təsərrüfatı naziri vəzifəsində çalışan Müzamil Abdullayevi tərifləyir. İldırım Məmmədovu yaxşı tanıdığını, onunla aqrar sahə üzrə təşkil olunmuş komissiyada birgə çalışdığını, hətta onun Qorbaçovu da tənqid etməsini xatırladan Verdiyev amma söylədiyi iradları ilə razı olmadığını bildirir. Bu isə Ulu Öndəri əsəbiləşdirir və ona deyir ki,  sən bütün bunlarla nə demək istəyirsən, aranızda bir konsturktiv danışan var, onu da gözümçıxdıya salmaq istəyirsiniz? Bununla da Ulu Öndər İldırım Məmmədovu haqsız iradlardan xilas edir.

Bu tədbirdən sonra  kənd təsərrüfatı naziri vəzifəsində çalışan Müzamil  Abdullayev xüsusi əmr imzalayır. Həmin əmrdə göstərilirdi ki, İldırım Məmmədovun Prezidentlə keçirilən görüşlə əlaqədar əmr edirəm: “Quba rayonundan İldırım Məmmədovun təklifi ilə respublikada olan bütün mövcud texnika kəndlilərə və mexanizatorlara satılması təmin olunsun”.

İldırım Məmmədov  1994-cü ildə Ulu Öndərin iştirakı ilə Prezident Sarayında keçirilənrespublikanın kənd təsərrüfatında aparılan islahatların vəziyyətinə həsr olunmuş müşavirədə də iştirak etmişdir.

 

Qəhrəman Qasımov,   Əməkdar jurnalist