Qəşəm İsabəyli -  ALLAHA ŞÜKR

YAZARLAR 11:00 / 28.08.2026 Baxış sayı: 1135

 

(hekayə)

–Allo...

–Bəli.

–Sənsən, bəy?!

–Əlbəttə mənəm!

–Allaha şükr!

–Niyə “Allaha şükr!”, Həcdən gəlməmişəm, Kərbaladan gəlməmişəm?

–A kişi, sənin nömrəni yığmaqdan barmaqlarım qabar olub. Bu uzunluqda da danışmaq olar, ay zalım?!

–Ayə, birini bilirsən, birini bilmirsən, arvad ki, səni yığdı, daş düşdü başına. Bir həftənin hesabatını qabırğana döşəməsə, gecə də gözünə yuxu getməyəcək.

–O qədər sözü hardan tapırdınız, heç ağlıma da batmır?!

–Ərlə arvad bir savaşanda, bir də mübahisə eləyəndə sözün ayağı altda itib batırlar.

–Səhvin var?

–Niyə?

–Ər-arvadın mübahisə eləməyi də elə savaşmaq kimi bir şeydi.

–Yox, biz Allah-bəndə söhbəti eləyirdik.

–Sənin ağzından sözü kəlbətinlə də dartıb çıxartmaq olmur...

–Vallah, mən heç ağzımı da açmadım. Həyat yoldaşım danışdıqca quzu balası kimi gözümü döyə-döyə baxırdım üzünə.

25.08.2026