Fərhad Tapdıqoğlu - Kömək təmənnasız olmalıdır

YAZARLAR 10:00 / 28.08.2026 Baxış sayı: 1111

 

(hekayə)

9 yaşlı Qorxmazın babası əlində iki torba ərzaqla binanın giriş qapısına yaxınlaşırdı.Həyətdə uşaqlarla top qovan Qorxmaz babasını görüb, ona tərəf qaçaraq əlindəki dolu torbaları aldı.

Binanın beşinci mərtəbəsində yaşayırdı Qorxmazgil.

Baba və nəvə mənzilə daxil oldular.

Baba nəvəsinin başını sığalladı və ona göstərdiyi kömək üçün təşəkkür etdi.

Qorxmaz dedi:

--Baba,bu gün mən və dostum Vüqar bir qoca babaya kömək edib ,torbalarını yaşadıqları mənzilə apardıq.Vüqar həmin babadan pul istədi.O baba Vüqara baxdı,fikirləşdi və cibini eşələyib ona əlli qəpik verdi.Mənə də pul verirdi,amma mən götürmədim.

Qorxmazın babası:

--Sən mənim ağıllı nəvəmsən.Düz eləyib götürməmisən .Adam köməkliyi təmənnasız etməlidir.Böyüklərə göstərdiyin köməyə görə pul istəməzlər- dedi.

Qorxmaz :

-- Baba , biz istəməsək ,babalar özləri versə ,götürmək olar?- soruşdu.

Baba :

-- Özgə babalar ,əmilər dayılar versə almaq düzgün deyildir --cavab verdi.

Qorxmaz:

-- Bəs adamın öz babası versə,necə ?- gülümsəyərək babasına baxdı.

Baba:

--Əlbəttə olar-dedi.

Qorxmaz :

--Baba ,mən səndən pul istəmirəm.

Amma bilirəm ki, sən mənə bir manat verəcəksən - deyib babasına baxdı.

Baba güldü və əlini cibinə salıb ,pul çıxardaraq Qorxmaza uzatdı.

Qorxmaz:

-- Bax, baba, mən sənə kömək elədim ,amma pul istəmədim.Sən özün verdin haa- gülərək babası verdiyi pulu cibinə qoyub ,həyətə qaçdı.

Baba:

-- Ay indiki uşaqlar,çoxbilmiş uşaqlar...-deyib yuyunmaq üçün vanna otağına keçdi.