Allahverdi Eminov - Şairə Nəzakətin lirikası barədə düşüncələrim
( ESSE )
Sarı çiçəyinə qonmuş sübh şehi,
Soyuq illər dolu çatarmı ömrüm?
Telimi oxşamaz bir də yaz mehi,
Görəsən bəs qışa çatarmı ömrüm?
M.Nəzakət
Şairi şəxsən tanımağa, ünvanını axtarmağa dəyərmi? Məncə, buna ehtiyac duymuram – əgər o, şairdisə... Ona görə ki, şeir faciəvi janr olub, əzabın, qan-tərin, ilhamın hesabına başa gəlir, hər sətri, hecası, qafiyəsi, rədifi yerində oturur, şair nanəsini, zəfəranını vurur, dada gətirir. Beləcə doğulur, şair təxəyyülündə oxucu süfrəsinə gəlir, oxunur, zövqü dada gətirir. Mən şeir anlayışını belə bir obrazda görürəm. Mən belə bir axtarışda şairə Məmmədli Nəzakətin ünvanını yox, poeziyasını tapdım, onun şöhrət tacına, mövqe və varlıq faktoruna yiyələnməsinə inandım. M.Nəzakət xanımın poeziyası (böyük hərflə) mənə nə verdi? – Sualına cavab axtardım: həyatı duymaq, insanlara etibar etmək, təbiətin hər bir nemətindən faydalanmaq! İnsan yaşadığı həyatı anlayanda əhvalı sakitləşir və sabitləşir, dinclik tapır. Ürəkdə dinclik olanda həyatın qəribəliyi ona əyləncə kimi görünür. Nəzakət “Həyatı möcüzə bilək” şeirində həyata üz tutur:
Həyatın qəribə qanunları var,
İnsanı oynadır oyuncağı tək.
Hərdən üzümüzə gülüş də qonar,
Hərdən də yandırar od – ocağı tək, – deyir
Həyat məhz bu “möcüzəsiylə” İnsanı ağlada bilir, necə ki, şairə bu həqiqətdən ağlamışdır, hansı səbəblərdən? Ana sevincindən, oyuncaqları qırılanda, ürəyinin yağı əriyəndə, şəhid xəbəri gələndə, atanı məzarlığa aparanda... Amma şairəsə ağlatmamışdır. Çün, qadın ürəyi belə olur. O, Ayın dövrəsində yanıb – sönən, hansı boşluğasa axan ulduza da bir tale hikməti kimi baxır, öz taleyini görür. Çün, qadın ürəyidir:
Göydən bir ulduz da axdı bu gecə,
Qarışdı gecənin qaranlığına.
Ömrüm başa vurdu o da beləcə,
Çatmadı səhərin aydınlığına.
Bəlkə də axan ulduz kiminsə bəxt ulduzu imiş? Bəxti gətirməyən kiminsə?
Həqiqətənmi şeir aləmi belə möcüzələrin beşiyidir, misralar lay-lay çalır, oxucunu sərməst edir? Mən Nəzakət xanımın – istedadlı şairənin poeziyasını oxuyanda bilmirəm hansı şeirlərinin adını çəkim, “Dərd”, “Payız”, “Ömrüm”, “Qar yağır”, “Tənha qadın”, “Dünya”, “İlk məhəbbət” kimi unikal şeirlərimi? Bu və digər şeirlər oxucusu ilə həmsöhbət olur, danışdırır, qüssələndirir, sevindirir. Adi predmetləri poetik obraza bükür. Şairənin bir şeiri var: “Bənövşə”. Klassik poeziyamızda bu zərif və küsəyən gül rəmziləşmişdir: Vaqif, Zakir, Aşıq Ələsgər, Osman Sarıvəlli, Səməd Vurğun şeirində bənövşə həyəcanından qar altından yanan kosov kimi Günəşi axtarır. Şairə Nəzakətinsə öz bənövşəsi var.
Bahara ilk könül verən sən oldun,
Kolların dibində bitdin, bənövşə.
Baharsa könlünü çox gülə verdi,
Gül-çiçək işində səndin, bənövşə.
Nəzakət xanımın poetik dünyası məni başqa bir aləmə səslədi. Pəncərədən yaşıllığını saxlayan Zeytun bağını süzür, quşların ora – bura vurnuxduqlarına tamaşa edirdim. Onlardamı günəşli fəzada nəyisə axtarırdılar? Bəlkə də?! Mən isə istedadlı bir şairin poetik misralarının atəşindəydim. Axı, şeir ilk misrasından son sətrinəcən ruhdur, ruhi təzahürdür. Axı, poeziya – şeir heyrətin və təntənənin, ağıl və fəhmin qiyamıdır.
Şeir aləmi qəribə bir fenomendir: həyatın predmetlərini görüb duymaq və qavramaq; müşahidə etdiyin sadə və mürəkkəb fəlsəfəsini anlamaq və mənimsəmək; daxili hisslərin mübhəm pıçıltısını eşitmək və səs vermək. Belə “üçlüklər”in içərisində daha bir “üçlük” də mövcuddur: Şeiri kim yazır, nədən yazır və kim üçün yazır?! Oxucuya bu məqamları açmaq çətindir nə qədər dərinə varsan da, uzağı poeziyanın nəzəriyyəsinə və qayda – qanunlarına çıxacaqsan... Amma bu xaotik proseslərdə mənim diqqətimi bir nüans özünə yaxınlaşdırmışdır nə qədər qəribə olsa da: Müəllifi kişidirmi, qadındırmı? Amma sual da göydəndüşmə deyil. Kişi şairin şeir subyektinə münasibətilə qadının yanaşma və tərənnüm tərzi fərqlidir, çünki duyum hissiyyatı kişi şairdə daha aqressivdir, xarakterdən gəlmədir, əgər, o, Koroğludan, Qaçaq Nəbidən yazırsa diqqət qəhrəmanlığın, igidliyin mahiyyətinə yönəldiləcəkdir, qadın da Koroğludan, Qaçaq Nəbidən yazarsa Nigardan, Həcərdən, onların gözəlliyindən və sədaqətindən yan keçməyəcəkdir! Şeir mənim zövqümdə sevməkdir, bu hiss qadınların payına daha çox düşür və əlavə edərdim: Şeir şairələr üçün dəlicəsinə sevməkdir! Sevgini, gözəlliyi, aşiqliyi şair tamam başqa bir yönümdən təsvir edir – xasiyyətindən gələn cizgilərilə, şairə haçansa yaşadığı, bəslədiy bu “üçlüyü” n içindən ehtiyatla keçirir, oyatmaq istəmir, hər misrası onun saçlarından işıq teli kimi asılır. Ömrünün yalnız həzin, bəlkə də solan – saralan çağını anır, çün bir qadın olaraq ölümün qarşısına qılıncla çıxa bilməz! Xatırlayıram: nə vaxtsa Nəzakət xanımın bir şeirini oxumuşdum. Misraları hələ yaddaşımdan silinməyib.
Saralmış yarpağa bənzəyir ömrüm,
Sanki payız gəlib, xəzan düşübdür.
Durub əl açmışam bahara sarı,
Sıxıb əllərimi qış görüşübdür.
Sarı çiçəyimə qonmaz sübh şehi,
Telimi oxşamaz bir dəryaz mehi,
Görəsən bəs qışa çatarmı ömrüm7
Qışdır son mənzilim, qışdır, ay gülüm.
Bu kiçik şeiri nümunə gətirməkdə təsadüflük axtarmaq əbəsdir; amma ömrün haçansa dayanacaqda susması isə təsadüfi deyil – mütləqdir. Bu şeirdə, düzü elə öz ömrümlə müqayisə edərdim: kövrək münasibətimi xatırlatmazdım oxucularım üçün, başqa bir ovqatda hayqırardım, pıçıldamazdım, “ay gülüm”ə ümid bağlamazdım – axı təbiətimiz sərtdir!
Poeziya mənimçün ilahi və sirli kədərdir, sevincdən ona bir ovuc pay düşübdür, əks halda şeir yazılmazdı. Hansı kədərdir, harada gizlənibdir, onun oyanma şansı varmı? Sualları bu yazımda verəcəyimi düşünmürdüm, bax, bu təsadüfi oldu; bəlkə də zərurət idi. Nəzakətin “Etüd”ünü oxuyanda çox-çox düşündüm, nikbinliyimi unutdum və bayaqkı etirafıma qayıtdım: “mütləq”lik fəlsəfəsinə və S.Vurğunu, M.Arazı, M.Yaqubu xatırladım. Bu korifey şairlər həyatın şirinliyini necə yaşayıblarsa, bu şirinliyin nə vaxtsa acısını dadmalı olacaqsa... şeirə üz tutdular, məzarstanla üzbəüz dayandılar və Səməd Vurğun “Unudulmuş tək məzarı” qələmə aldı. Nəzakət bu üç şairdən çox-çox cavandır, şeiri də gənc yaşında yazmışdır, amma dərin kədər duyğularından qaça bilməmişdir, məkanı görmüşdür:
Pəncərəm açılır qəbirstanlığa,
Gördüyüm mənzərə gözümə batır.
Məəttəl qalıram uca Tanrıya,
Alimi cahillə yanaşı yatır.
Şeir məndə assisiativlik oyatdı: bir zaman (1979-1984) doqquzuncu mərtəbədən, iş otağımdan məlum məkana – qəbirstanlığa hey baxmışam. Əvvəllər seyrəklikdi, qara mərmər daşları bir-birinin qonşuluğunda idi, ruhları qovuşurdu. Sonralar qəbirstanlıqda boş yerlər azaldı. Çün bu elə məkandır bütün “qonaqları”nı səxavətilə qəbul edir, torpağını əsirgəmir, kimliyilə maraqlanan, sorğu – suala çəkən yoxdur.
Burda soruşmurlar kimsən, nəçisən,
Möminsən, canisən, ya dilənçisən.
Cərgəyə düzülüb sakit qəbirlər,
Burda heç bilmirsən sən neçəncisən.
Kasıbı, varlısı bilinmir burda,
Özü öz xoşuna gələni yoxdur.
Libası eynidir hər kəsin burda,
Axsa göz yaşları, siləni yoxdur.
Ömürlük sakindir bu son mənzilə,
Adı əməlində yaşayan kəslər.
Dünən bir haqq işi tərsə çəkənin
Məzarı hər kəsi düzlüyə səslər.
Şeirdə şairə ölüm anlamının adını çəkmir, ehtiyac da yoxdur, lakin bu yoxluğa aparan həqiqətin fəlsəfəsi var və məndə sual doğurdu: Ölüm – müəmmanı açan olmuşmu? Ən kamil və müdrik insanlar öz ölümünü qabaqcadan duymuşsa, səbəbini açmaqda aciz qalmışdır. Məhəmməd İbn Kab əl Kurazi nəql edir ki, bir zamanlar Ömər bin Əbdüləzizlə Mədineyi Münəvvərdə qarşılaşmışdım. O, bığ yeri yenicə tərləmiş idi, bolluq içində yaşayırdı. Daha sonra xəlifə oldu və yanına getdim. İzn istəyib içəri girdim. Onu görəndə təəccübləndim, üzünə mat – məəttəl baxdım. O, mənə dedi ki, ey Məhəmməd, nə üçün belə heyrətlə nəzər yetirirsən?
Mən ona çatdırdım ki, ey möminlərin əmiri, rənginiz solmuş, bədəniniz taqətdən düşmüş, saçlarınız ağarmışdır. Sizi bu halda görəndə heyrətimi gizlətməyi bacarmadım.
Ömər bin Əbdüləziz mənə üzünü tutub dedi: – Ey Məhəmməd, məni qəbrə qoyulandan üç gün sonra görsən kim bilir nə qədər təəccüblənəcəksən? O zaman qarışqalar gözlərimi çıxarmış, ağzım, burnum qanla dolmuş olacaq, məhz onda məni heç kəs tanımaz, daha çox heyrətlənərsən. Bu hədis təkcə ölümün hikmətini yada salmır, insan xislətinin ziddiyyətlərinə və mürəkkəbliyinə işarədir. Ey insan, məzarstanın yanından saymazyana keçmə, orada öz yerini gör! Təəssüf ki, bu müqəddəs hissi bir qrup adamlar yaşamaq istəmirlər, yaxud bacarmırlar. Ona görədir şairə Nəzakət poetik ideyasında haqlıdır.
Cavanın tər ömrü yarımçıq qalıb,
Bu qoca nə qədər yaşayıb, Allah?!
Ömür də deyəsən, düz paylanmayıb,
Bağışla, İlahi, eylədim günah.
Mən Nəzakət xanımın poeziyasına bələd olduqca düşünürəm ki, istedad payında onun “ölü” şeir yazmağa haqqı çatmır, çün o, öz obrazını axtarıb tapır və bir üstünlüyü də ondadır ki, Şərq təfəkkürü ilə Qərb poetik yanaşmanı birləşdirir, emosional və rasional düşünür. Nəzakət xanım “dünya”, “insan”, “tale” subyektlərinə özünəməxsus tərzdə yanaşır – bu şeirin məzmunu məsələsidir, intellektualdır; digər tərəfi obrazlı deyimin harmoniyasıdır; üçüncü ruhi enerjinin paylanması aktıdır ki, sonuncuda poetik kansofka – fikir dayanır. Mən şairənin poeziyasında bir nüansı özüm üçün aydınlaşdırdım ki, mövzunun epik təsvirinə yeri gələndə ehtiyac qalmır, elə bir bənd də bəs edir.
Dözməkdən bezmişəm, ruhum ağrıyır,
Həzrəti İsatək sanki dardayam.
Bəxtim yatan yeri tapdım, oturdum,
O vaxtdan bu vaxta hələ ordayam –
Ruhun fenomenliyi, candan bezməsi, artıq ömürdüsə – mütləq zamanı gözləmək. Və: assisiativ düşüncə bağlılığı: ölümün gəlişinə geniş yer verməyə dəyməz, özünü tez çatdırır, yaxşısı budur, ona hazır olmalısan:
Ölümün gözünün içinə baxdım,
Ölümü hər anın özündə daddım...
Necə qəribədi, ölümdən qaçıb,
Ölümə gedirəm hər an bir addım –
İnsanın öz aqibətini sezmək fəhmi, hansı ki o, öncə, aqibətini anlamalıdır – son nəfəsi necə olacaq, bir həyatında nələrlə qarşılaşacaq, axirətdə hansı məqamda olacaq? İnsan üçün ən məchullar bunlardır ki, hələlik cavabsız qalmışdır, daha doğrusu qundaq ilə tabut arasındakı məsafənin sirrini, bu dünyaya gəlişini və buradan axirətə köç eləməsinin hikmətini qavraya bilmək. Bəli, hər bir insan fanidir – ölümə məhkumdur. Şairənin məntiqi – bədii praqnozu təxəyyülün yalnız müəyyən vəziyyəti olmayıb, eyni zamanda insanın fəaliyyət formasıdır. “Dünya”, “Ey dünya” şeirlərində müəllif üzünü bu real Dünyaya tutur, bir qədər nəsihətçiliyə varır, amma gileyini gizlətmir, lakin bu üztutmanı Nəzakət xanım qadın hissiyyatı ilə çatdırır, kəskin də deyərdi “amansız dünya”ya, “qaradan ağı seçmə”yən, bu, bir yana – şairəni yormusan – nə üçün?
Yormusan, yamanca yormusan məni,
Sən demə, bitməzmiş zülmün, zillətin.
Arzumun dalınca qaldı gözlərim,
Yolların daşlıdır, yüyürmək çətin.
Sən elə beləsən başdan, binadan,
Bilirəm? Heç kəsə qalan deyilsən.
Sonuma gedirəm hey addım – addım,
Bilirəm, mənim də olan deyilsən.
Yaş olub gözündən düşənə kimi,
Əlindən nə çəkdim, biləydin barı.
Bir gün üz döndərib, üzündən sənin,
Çıxıb gedəcəyəm göylərə sarı.
Mən Nəzakət xanımın şeirlərinin cövhərinə vardıqca, mühüm poetik mətləblərlə üzləşdim: ağrı və sevinc, vüsal və həsrət, inam və pessimizm, bir-birini rədd edən və tamamlayan motivlər. Bu atributlar olmasa şeir yazılar, ancaq yaddaşa hopmaz, ona görə ki reallıqlarla uydurmalar təsvir predmetinə can vermir. Bu baxımdan poeziya – həqiqətlərin və yalanların emosional – əqli doğuluşunun, şairin fərdi – özəl üslubunun təzahürüdür. Lakin bu üslubda başqa şairlərə bənzəməyən həzinlik, pıçıltı, nigarançılıq oxunurdu, elə – belə misraların gəlişi deyil, ilhamın diqtəsidir. Belə şeirləri təkrarən oxuyası oldum, kövrəldim, vərəqi çevirdim, amma tabım çatmadı: “Bilmir insan”, “Göydən bir ulduz axdı”, “Getmisən”, “Qar yağır”, “Bənövşə” şeirləri bu etirafımı diriltdi. Nədir misraların hökmü? Hökmümü? Şairənin sünilikdən uzaq istedadımı? Hər üçü və demədiyim əlavələri. “Bilmir insan”ı mənə dahi hind şairi və mütəfəkkiri R.Taqorun “İnsan” şeirini xatırlatdı. Nəzakət xanım yaşamaq ehtirasının tükənməzliyinin şahidinə çevirir oxucunu – Məni!
Bir gün dönüb geriyə bu günü axtararsan,
“Ömür necə keçdi gör”, - özünü danlayarsan.
Nə zamana ün çatar, nə də ötən çağlara,
Təkcə boylanmaq qalar itirdiyin anlara.
Gözəlliyi, gəncliyi aynada axtararsan,
Saralmış şəkilləri gözünlə oxşayarsan...
Bax, bu yerdə qələmi saxladım, barmaqlarımın titrəməsindən ehtiyatlandım, ürəyim dolmuşdu, bu hiss nəydi, haradan hisslərimi tutmuşdu – deməkdə çətinlik çəkirəm. Həqiqətmi bir gün? Bəlkə həqiqət deyil?
İnana bilmədiyim ölümə rast gələrsən,
Soyuq daş məzarlara atam – anam deyərsən.
Övlada qanad verib, bir quş tək uçurarsan,
Yolların yorğunluğun nəvələrdən alarsan...
Yaman yaşa doldum, şairə! Bu unikal misralarını oxumasaydım bəlkə də özümə təsəlli verərdim. Bir də fəhmə bax ki, sübh tezdən bu şeirini oxuyanda vaxtilə yatdığı babasının çarpayısında Nəzrin nəvəm yatmışdı, astaca o otağa keçdim, ilahi görəsən bütün uşaqlar beləcə qəmsiz – kədərsiz uyuyurlar? Uşaqlar hardan bilər ki, ataları, sonra babaları cavanlığını onların uşaqlığına bağışlayıb yaşa dolurlar.
Zamanın “sığal”ıyla qara saçın ağarır,
Səni yaradan Tanrı öz yanına çağırır.
Ümidin yaxasına sarılıb sən gedirsən,
Nələr gözləyir səni, bax bunu bilməyirsən.
Bax “bilmədiyin” o tale hətta şair qapısını döyür, özü gizlənir Əcəl atını göndərir ki, minib məchul aləmə gedəsən. Nəzakət xanımın vaxtsız itirdiyimiz Alim Məhərrəmliyə həsr etdiyi şeiri məni ağrıtdı, tez-tez görüşdüyüm gəncin bir gün yoxluğuna inandım. Ölümündən sonra “Kür-Araz” dərgisində qələm dostumuz Əlirza Sayılovun çap etdiyi xeyli saylı şeirlərini xatırladım. Böyük istedadın poetik misraları məni kövrəltdi. Nəzakət xanım “Getmisən”lə sanki onu qaytardı.
Dünya çox incidə bilərdi səni,
Bəlkə düz etmisən, çıxıb getmisən.
Qısa bir ömürlə sınadı səni,
Yoxsa bu dünyanı yıxıb getmisən?
O zərif vücuda sığmırdı ürək,
Yükü ağır idi çəkmirdi ürək.
Sorğudan, sualdan bezmişdi ürək,
Canını dişinə sıxıb getmisən.
... Ölümün Tanrıya aparan yolmuş,
Çiçək arzuların açmadan solmuş,
Şəklinə baxıram gözləri dolmuş,
Dünya pəncərəymiş, baxıb getmisən.
Nə olaydı bu “pəncərə” gec açılaydı!..
Poeziyaya qrammatik bilik bazası üstündə gələnlər bu gün əndazəni aşıbdır, şeir kitabları öz çəkilərindən çoxdur və bu kəslər unudurlar ki, şeir praqmatik – tarixi olayarın yalnız zahiri əlaqələrindən və ardıcıllığı baxımından təsviri deyil, müəllifin reallığa, görünənə naturalist baxışı da həmçinin predmetin poetik – həyəcanlı yanaşmasıdır. Bunun üçün daxili coşğunluq lazımdır, bu isə lirikaya gətirib çıxarır. Lirikada şair öz pak hisslərinin başına hərlənir, hətta kimsəni maraqlandırmayan adi bir predmet, yaxud nəhəng bir mövcudat olsun – baxır şeirdə necə tərənnümünü tapır. Bu baxımdan Nəzakət xanımda həmin nəsnələrin bəxti gətirir. “Həmdəmim dəniz” şeiri elə dənizin özü qədər gömgöy – şəffaf; pıçıltısı qədər həzin, həmfikir qədər aşinadır; bu tutuşdurmada heç bir bəlağət yoxdur.
Dəniz, sənlə bölüşəndə
Qəlbim yaman narahatlanır.
Duruluram suların tək,
Sızıldamır dərdli ürək.
Həmdəmimdir mavi sular,
Sualıma cavabları
öz dilində
ləpələrin pıçıldayır.
Söylə, açsam ürəyimi
Dərdlərimə gücün çatar?
Dalğa – dalğa, ləpə – ləpə
dindi dəniz.
Gözlərində bir insana
döndü dəniz.
... Çox dərdləri mən udmuşam,
Eh... dərdlər də yaratmışam.
Ünvansızam
hər dərdinə gücüm çatmır.
Bunu da bil ki,
hər dənizin
özü boyda ürəyi var.
Şairənin öz obrazını görürəm: dənizlə dərdini bölüşür; şairlər həmişə şad olmur, öz qəmini ürəyində gəzdirir və bir gün bu poetik yükü misralarına boşaldır və rahatlanır. Hər cür didaktik və mücərrəd ricətlərdən uzaqlaşır, belə olduqda şair özünün munisliyini təsdiq etmiş olur.
Nəzakət xanımın lirikası onun üçün oxucunun içərisinə hopur – bu Dünyanın hay-küyünə, insanların gülüb – danışmasına baxmayaraq qəribliyə aparır, mən bu hissi poeziyanın bir zərif qanadı hesab edirəm. şair qəriblik, nisgillik çəkmirsə... şeiri hədəfi tutmaz. Qəribliksə həsrəti dünyaya gətirir, axı şair təkcə təfəkkürü ilə yox, hisslərilə qəribliyin uzaqlığını duyur və həsrətində qovuşmaq istəyir, poeziyada bədii sərvətə çevrilir. Şairənin “Həsrət” şeiri var, elə sandım – misraların hər birisi bir durnadır. Vaqifdən, Vidadidən, Zakirdən yadigar qalıblar, onlar da qəriblikdən xiffət edirlər. Qəribəsi odur, qəribliyi sevən bu quşlar payızı sevirlər, payızda vətənləri yada düşür.
Durnalar köç edir payız gələndə,
Boş qalır “evləri”, yurd – yuvaları.
Dönürlər yenə də bahar gələndə,
Yenə doğmalaşır “yad” yuvaları.
Gör necə payızdır, gör necə yazdır,
Həsrətəm ocağı sönmüş yurduma.
Durnalar qayıdır, mən qayıtmıram,
Bəxti əllərimlə dönmüş yurduma.
Mən də dönəcəyəm günün birində,
Ürəyim deyir ki, çox belə getməz.
Lazımsa ölümə verib ömrümü
Dünyaya deyirəm: – Yox belə getməz.
Şeirin eyni zamanda sosial – siyasi qayəsi var qəriblik rəmzində oxucusuna çatdırılır: düşmən əlində qalan ulu Qarabağ torpağıdır. Əlimizdə saxlamağı bacarmadığımız Qarabağ qəbirlərimizi də sinəsində saxlamadı, daşnaqlar daha cəld tərpəndilər, şairlərin, söz adamlarının yaralı yerinə toxundular. Nəzakət xanım da susa bilməzdi, ağrısını misralara səpəcəkdi “Yurd həsrəti”, “Qarabağ qoxusu”, “Vətən, bizi bağışlama” mövzulu şeirlərini qələmə aldı. Şeirləri oxuyanda onu idrak etdim ki, şairə hansı əzabları yaşamamışdır? Hansı ümidlərin yolunu gözləməmişdir? Ürək gərəkdir bu ağrıya dözə. Həsrətə bax ki, “Çopur daşına da öz balam deyir”, “Yolunda kəsilən baş olmağı arzulayır” – deyən şairə “Düşmənə atılan bir daş olmağı”ndan təsəlli tapır.
Əziz Nəzakət xanım, şairə bacım, hər şeydən əlini üzüb gör nədən təsəlli tapırsan.
Kaş külək olaydım, dəli bir külək,
Əsəydi üstündə sözüm yurdumun.
Çopur daşına da öz balam deyib,
Qalandı üzündə izim yurdumun –
Ən səmimi etiraf! Ən nikbin arzu!
Öpsün Vətən torpağını gözlərim,
Dəysin Vətən torpağına dizlərim.
Əlbəttə, Qarabağ azadlığı şəhid ruhundan keçir, bütün vətən diyarını qarış – qarış dolanır və yenə öz qəbrinə sığınır. Və inanır ki, əsirlikdən bu torpağı onun övladları xilas edəcəkdir.
Yolu yox Vətənə aparan yolun,
Şikəstəm, sınıbdır qanadım – qolum.
Didərgin ruhumun qurbanı olum,
Məni də kəfənə bələ, şəhidim...
Nəzakətin poeziyasındakı lirik xətt solğun, titrək, şərti təsirli deyil, bu qənaəti israrla deyirəm. Ona görədir bu şeirlərin ruhunda və fəlsəfəsində Dünya ilə Həyat arasında bir vəhdət, ünsiyyət mövcuddur, poeziyaya məxsus substansial atributlar öz yerindədir, fikirləri tamamlayır və əsərin məzmununa xidmət edir, nəhayət, duyğulara çevrilir, həyatın fantomunu romantik bir məcraya salır. “Qar yağır” şeirini iyun ayında (2018), isti havada oxudum, vaxt stixi alınmışdı, amma yerinə düşmüşdü. Pəncərəmə günəşin şəfəqləri sızırdı, mənsə pıçıldayırdım:
Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Dünyanın ağlığı üzünə çıxır.
Yerlərdə gözləmiş qar gəlişini,
Alır, qucaqlayır, köksünə sıxır.
Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Torpaq bərəkətə bələnir yatır.
Çılpaq ağacların qol – budaqları
Bir ana hənrinə bələnib yatır.
Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Rəqs edir elə bil hər qar dənəsi,
Gözümün önünə gəlir uşaqlıq –
Həyatda hər fəslin öz ənənəsi...
Bu misraları yazıya alanda üşüdüm və pəncərədən ağacları süzdüm. Yarpaqlar budaqlarına sığınıb tərpənişirdi, quşlar kölgə axtarmırdılar, bəlkə də – nə bilim fantaziyam idi – qışın dalısınca getmişdilər. Beləydi, çün şeirdə elə möcüzə var – fəsillərin yerini dəyişir. Şeirdə elə möcüzə olur – insan bu günündən çox-çox irəliyə qayıdır, necə ki, mən də uşaqlığımda qar həsrətində yaşamışam, barmaqlarımı dodaqlarıma sıxa – sıxa məktəbə yollanmışam. Taleyə bax ki, həsrətində olduğum o qar gilələri neçə illərdir saçlarımda qırovlaşıbdır. Bu hissləri yaşadan şairə Nəzakət xanım arzulamır qar insan ömrünə qış havası gətirsin.
Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Yağsın yerə yurda, çölə – çəmənə.
Kaş insan ömrünə qış tələsməsin,
Yağmasın qar, yağış insan ömrünə.
Nəzakət Məmmədlinin yaradıcılığında “Dünya” obrazı var və dünyada onun doğmaları, dostları, şəhidləri, qələm yoldaşları yaşayır, onların surətləri boylanır. “Dünya”, “Ey dünya” şeirlərində şair dünyanı haqsızlıqda, vəfasızlıqda, amansızlıqda məzəmmət edir, “axı, Dünya əzəldən, başdan belədir, heç kəsə qalan da deyil. Dünya, nadanlara da həyan olmusan, min dəfə aşınmışan, şükür ki, kül altda yenə qocalıb”. Bu, Dünyadır, anasını, atasını, bacısını xatırladıb, övladlarını. “Anam” şeirini oxuyanda anamı xatırladım, isti qucağına sığındım, nəfəsini duydum. Nəzakət bir övlad kimi ana həsrətində uşaqlaşır:
Gör neçə vaxtdı ki, həsrət qoymusan,
Səsinə, sözünə, özünə anam.
Torpağın qoymayır bircə yol baxam,
Ay kimi ay kimi nurlanan üzünə, anam –
“hələ də gözü axtaran, ana!... Çün, “Analıq haqqını, sevgi payını övlad ömrünə bəxş eləyən ana!” Ana məhəbbəti “Ana, heç köhnəlmədi”, “Anam”, “Şəhid anası”, “Ana haqqı”, “Darıxma, ay ana”şeirlərinin leytmotividir, yollara dikilən övlad baxışlarıdır.
... Bu ayrılıq bənzəməz heç bir ayrılıqlara,
Gəl, aydınlıq gətir sən, bütün qaranlıqlara.
Gəlmək sənə çətinsə, məni çağır yanına –
Nəzakət Məmmədlinin ithaf şeirləri sadəcə sözgəlişi deyil, yaşanmış hisslərin əks-sədasıdır Zabit anası olaraq hərbi həyatını, Qarabağ müharibəsini, şəhid balalarını bağrına sıxıb həm qürrələnmiş, həm də ağlamışdır; bu ana – oğul, qız anasının sevinciydi. “Ramilə, Aytənə, Elxana” şeirində ana məhəbbətinin qüdsiyyəti əyaniləşmişdir, “Ramilim, Aytənim, Elxanım”, – deyən bir şairə – xanımın bala sevincini yaşamamaq mümkünmü? Eləcə də vaxtsız dünyasını dəyişmiş istedadlı şairə Fərqanə Mehdiyevaya iki şeir həsr etmişdir. “Bir dosta” və “Gəl, dərdləşək”. Qeyd edərdim ki, mən Fərqanə şairəni çoxdan tanıyırdım, zərif, içindən gələn şeirlərini izləyir, görüşümdə razı qaldığımı gizlətmirdim. Onun ilk şeirlər kitabı haqqında “Ədalət” qəzetində resenziyada çap etdirdim. Görüşüb minnətdarlığını bildirdi.
Nəzakət Məmmədli poeziyası ilahi verginin cənnət payıdır, oxuculara hədiyyəsidir. O, qrammatik şeir yazmır bəzi “püxtələşmiş” şairsayağı, şeirin zorən gəlişinin də intizarında deyil. O halda yazır – yazmaya bilmir. Mən onun poeziyasına daima bu nəzərlə baxmışam...
Sonda deyərdim ki, istedadlı şairin poeziyasına ötəri ekskurs elədim və bu “ötəriliyi” vaxt məhdudluğunun adına yazıram.
Halbuki, bu lirik – bütöv poeziyada mən özümü tapdım, sevincimi və kədərimi tapdım, şeir də budur! Nədən belə bir fikrə gəldim: şairin poetik yaradıcılığında abstrak fəlsəfəçilik, soyuq mühakiməçilik, qrammatik qafiyəçilik elementləri yoxdur, poetik fikrin qəlb yaxınlığı, sənətkar təhtəlşüuru, təbii ehtiraslar poeziyanın leytmotividir, duyğuların əks- sədasıdır. Bunlara şairənin – Nəzakət xanımın şəxsiyyəti imkan verir və mənə dahi V.Q.Belinskinin sözlərini diqtə edir: “Lirikada şairin şəxsiyyəti ön planda dayanır, biz yalnız onun vasitəsilə hər şeyi qəbul edib anlayırıq..., lirik poeziya başlıca olaraq subyektiv, daxili poeziyadır, şairin özünü ifadə etməsidir”.
30.07.2026