İdris Babayev - SEVİRƏM E, AY İMANSIZ
Ədəbiyyat
10:10 / 27.08.2026
Baxış sayı: 177
Azı bilmir, çoxu bilmir ,
Varı bilmir, yoxu bilmir,
Mənim gözüm yuxu bilmir,
Səni görən gündən bəri.
Məhbusam eşq zindanında,
Dən gəzirəm xırmanında,
Susub, dinmir vicdanım da,
Səni görən gündən bəri.
Hərdən düşür yadıma kənd,
Dərdim üstə gətirir dərd,
Comərd idim oldum namərd,
Səni görən gündən bəri.
Ocağıma köz gəzirəm,
Sənə layiq söz gəzirəm,
Qocalsam da düz gəzirəm,
Səni görən gündən bəri.
İdrisəm, dağım dumansız,
Yaşayıram mən gümansız,
Sevirəm e, ay imansız,
Səni görən gündən bəri.
26.08.2026