150 İL ÇƏKƏN AYRILIQ

YAZARLAR 10:00 / 27.08.2026 Baxış sayı: 417

 

Ləzgilərin Türkiyədəki taleyi uzun və mürəkkəb bir yolun tarixidir. Bu yolun başlanğıcında müharibə, sürgün, məcburi köç dayanır; davamında isə yad torpaqda yenidən yurd salmaq, dilini, adətini, yaddaşını qorumaq iradəsi görünür.

Türk tarixçilərindən Zəki Vəlidi Toğan, Əhməd Cövdət Paşa, Əhməd Cəfəroğlu, Camal Göyçə, Evliya Çələbi, Şərafəddin Erel və başqaları ləzgiləri igid, bacarıqlı və döyüşkən xalq kimi təqdim etmişlər. Bu münasibətin arxasında yalnız tarixçilərin qeydləri deyil, Osmanlı və sonrakı Türkiyə həyatında iz qoymuş konkret insanların taleləri də dayanır.

Qafqaz müharibəsindən sonra minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu. 1859-cu ildə Şeyx Şamilin əsir düşməsindən və 1877-ci il üsyanından sonra Dağıstandan yüz minlərlə insan sürgün edildi və ya köçə məcbur edildi. Mənbələrdə onların içərisində çoxsaylı ləzgilərin də olduğu göstərilir. Onların bir hissəsi Avropa ölkələrinə, böyük qismi isə Osmanlı torpaqlarına üz tutdu.

Bu, sadəcə coğrafi yerdəyişmə deyildi. İnsanlar doğma kəndlərini, ata-baba qəbiristanlıqlarını, dağlarını, çaylarını, gündəlik həyatlarını arxada qoyurdular. Onlarla birlikdə başqa torpaqlara dil, mahnı, mərasim, xatirə və kənd adları da köçürdü.

Sonrakı böyük köç dalğası XX əsrdə, İkinci Dünya müharibəsinin doğurduğu faciələrlə bağlı oldu. Müharibənin sərt qanunları, əsir düşmüş sovet əsgərlərinə qarşı repressiyalar minlərlə insanı öz keçmişini gizlətməyə məcbur etmişdi. Aralarında ləzgilər də vardı. Bəziləri adını, mənşəyini, hətta haradan gəldiyini deməkdən çəkinirdi.

Azərbaycan və Dağıstan ləzgilərinin Türkiyədəki həmvətənləri haqqında daha geniş məlumat alması əsasən 1953-cü ildən, Stalin dövrünün başa çatmasından sonra mümkün oldu.

1990-cı ildə İstanbulda fəaliyyətə başlamış “Şeyx Şamil Vəqfi”nin məlumatlarına görə, ləzgilər Türkiyənin müxtəlif şəhər və kəndlərində məskunlaşmışdılar. İstanbul, Ankara, İzmir, Bursa, Yalova, Sivas, Adana, Balıkesir və başqa bölgələrdə onların yığcam yaşadığı yerlər formalaşmışdı. Balıkesir vilayətinin Manyas rayonundakı Ortaca və Yayla kəndləri, İzmir vilayətinin Bergama rayonundakı Dağıstan kəndi bu baxımdan xüsusilə diqqət çəkirdi.

XX əsrin 90-cı illərindən etibarən Türkiyədə yaşayan ləzgilər arasında əlaqələri gücləndirmək, milli yaddaşı və mədəniyyəti qorumaq məqsədilə müxtəlif cəmiyyətlər yaradılmağa başlandı. Belə təşkilatlardan biri 1994-cü ildə Balıkesirdə Cevdet Yıldızın təşəbbüsü ilə meydana gəldi. Bursada Ramqazan Korun rəhbərliyi ilə fəaliyyətə başlayan dərnək Türkiyə-Dağıstan-Azərbaycan ləzgiləri arasında mənəvi körpüyə çevrildi. Sonralar Yalova, İstanbul, İzmir, Adana, Sivas, Tokat və Ankarada da oxşar birliklər yarandı. Hazırda Osman Geçməz, Hüseyn Ünol və başqalarının rəhbərlik etdikləri dərnəklərin köməyi ilə İnsanlar bir-birini tapır, nəsil şəcərələrini xatırlayır, ana dilində danışmağa çalışır, toy və mərasim adətlərini yaşadırdılar.

Hər il keçirilən “Xeyir” və “Piçek günü” kimi şənliklər artıq tədbir çərçivəsini aşaraq böyük görüş yerinə çevrilmişdir. Türkiyənin müxtəlif bölgələrindən gələn ləzgilər burada bir-bir ilə görüşür, musiqi dinləyir, rəqs edir, milli yeməklər hazırlayıb bir süfrə arxasında bir ailə kimi toplaşirlar.

DÜMBƏRƏZ - YAYLA

Dümbərəz, indiki Yayla kəndi Balıkesirlə Manyas arasında yerləşir. Bu kənd Şeyx Şamil hərəkatının süqutundan sonra Osmanlı dövlətinə sığınan, indiki Dağıstan və Azərbaycan ərazilərindən gəlmiş ləzgilərin 1865-1870-ci illərdə saldıqları ilk kəndlərdən biri hesab olunur.

Əvvəlcə bölgənin yüksək nöqtələrindən biri olan Kəltəpədə məskunlaşan ləzgilər ağır iqlim şəraitinə görə uzun müddət sabit yurd sala bilməmişdilər. Güclü küləklər və sərt qış onları bir neçə dəfə yaşayış yerini dəyişməyə məcbur etmişdi. İndiki əraziyə tam köçmə prosesi təxminən iyirmi il çəkmişdir.

Buradan çıxan ailələr sonralar Bursa, Balıkesir, İzmir və İstanbulda yeni evlər qurmuşlar. Yaylada uzun müddət ləzgi dilində danışılmış, milli adət-ənənələr qorunmuşdur. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur.

Son illərdə kənddə başqa maraqlı proses də müşahidə edilir: vaxtilə şəhərlərə köçmüş bəzi ailələr yenidən ata-baba yurduna qayıdırlar.

KİRNE-ORTACA

Kirne, indiki Ortaca kəndi Balıkesir şəhərinin şimalında yerləşir. O, Dağıstandan və Azərbaycandan Osmanlıya köçən ləzgilərin bölgədə saldıqları ikinci kəndlərdən biridir və 1866-1871-ci illər arasında formalaşmışdır.

Kəndin tarixi də köçlə, zəhmətlə və uyğunlaşma ilə bağlıdır. Buradan zamanla Bursa, Balıkesir, İzmir və İstanbula çoxsaylı ailələr köçmüş, şəhərlərdə yeni ləzgi məhəllələri və ailə çevrələri yaranmışdır.

Kirne adı 1961-ci ildə dəyişdirilərək Ortaca adlandırılmışdır. Kənddə 1928-ci ildən ibtidai məktəb fəaliyyət göstərmiş, əhalinin böyük hissəsi təhsil almış və sonrakı illərdə təhsilini şəhərlərdə davam etdirmişdir.

Kirnəlilər uzun müddət xalçaçılıq sənətini yaşatmışlar. Xalça toxumaq burada yalnız məişət işi deyil, yaddaş forması idi. Naxışların dili, rənglərin yaddaşı vardı. Təəssüf ki, son illərdə bu sənət getdikcə zəifləməkdədir.

Kənddən alimlər, hərbçilər, həkimlər, iş adamları və başqa peşə sahibləri çıxmışdır.

Sədaqət KƏRİMOVA