Əlisəfa Azayev - Daş parçası

YAZARLAR 11:43 / 27.08.2026 Baxış sayı: 1345

 

                                                              (Sənədli hekayə)

... Doxsanıncı illər respublikamızın həyatında çox ağır, sıxıntılı günlərlə zəngin idi. Belə günlərin birində köməkçisi prezidentə məlumat verir:

- Cənab Prezident, Minsk qrupunun həmsədrlərindən biri sizinlə görüşmək istəyir.

Prezident onsuz da yorğun, yuxusuz idi. Bu gün xeyli xarici qonaq qəbul etmişdi:

- Deyin ki, sonra, sonra.

- Bağışlayın...

- Hə, yenə nolub ki?

- Bilirsiz, o çox təkid edir.

- Yaxşı, elə isə dəvət edin. Qoy gəlsin. Onsuz da bu missiyanın zərərdən başqa heç bir xeyiri yoxdur.

Köməkçisi şad halda otaqdan çıxsa da, qəlbən narahat idi.

Bu Avropalı centlmenin təkidlə prezidentin qəbuluna can atması səbəbsiz ola bilməzdi. Neçə dəfə zəng çalmış, şəxsən özü gəlmişdi...

- Buyurun...

- Okey...

- Bir az cəld  olun.

- Da... da...

- Başqa söz-söhbət lazım deyil. Prezident çox yorğundu.

- Ponyatna... Da... Həm də yaş...

Qonaq içəri girəndə prezident yerindən qalxıb onu dostcasına salamladı:

- Xoş gəlmisiniz, - dedi.

- Çox sağ olun...

- Əyləşin...

- Spasibo...

- Belə təkidlə qəbula səy göstərmək səbəbsiz ola bilməz.

Müsahibi gülümsədi, allanmış yanaqları daha da allandı, parladı:

- Da... Qospadin, prezident...

- Eşidirəm sizi...

Qonaq əlindəki daş parçasını prezidentə tərəf uzadaraq dedi:

- Alın... Baxın... Bu adi daş parçası deyil...

- ...

- Onu mən Ağdam Cümə Məscidindən qopardıb gətirmişəm...

- ...

- Şəxsən Sizin üçün.

Qonağın bir qədər gülümsər halda dediyi bu sözlər də prezidenti təsirləndirdi. Bir tərəfdən də titrək əlləri ilə tutduğu, diqqətlə baxdığı, çox da böyük olmayan həmin daş parçası...

Prezidentin varlığı sanki bu qəfləti xəbərdən titrədi, həyəcanlı halda dedi:

- Olan şeydir...

- ...

- Müharibə gedən bir ərazidə, ölkədə belə şeylər ola bilər...

- ...

- Ancaq bu həyatdı...

- ...

- Biz onu bir gün öz yerinə qaytarıb qoyacağıq...

Bu sözlərdən Minsk qrupunun həmsədri daha da həyəcanlandı, pörtdü, səsi titrədi:

- Qaspadin...

- ...

- Uvajaymıy Prezident...

- ...

- Mən sizi narahat etmədim ki?

- Yox, əsla...

- Ona görə ki, siz Qeydar Aliyevsiniz...

- Başqa bir sözünüz yoxdur ki?

- Yox...

- Onda gedə bilərsiniz...

Sanki bir anda Minsk həmsədrinin nüfuz şüşəsi çat verdi, qırılıb töküldü, səsi ətrafı bürüdü:

- Oy...

- ...

- Uvajaymıy...

- ...

- Qeydar Aliyev...

Sanki bu dəfə Heydər Əliyev onu eşitmədi, özünü məşğul kimi göstərdi:

- "Yaramazlar"...

- ...

- "Böyüklük iddialarına bax"...

- ...

- "Bunun necə əli gəlib ki, məsciddən bu daş parçasını qopardıb?!. Qopartdırıb... Özü çətin bu işi bacara bilərdi"...

Qonaq gedəndən sonra prezident yerindən qalxıb otaqda gəzinməyə, pəncərədən Xəzərin nəhayətsiz göy sularına baxmaqda idi. Günəş doğur, dənizin göz oxşayan xoş ləpəli, dalğalı, köpüklü mənzərəsi görünürdü. Hələ onun üstündə dayanmış üzən qayıqlar, gəmilər... Arada fit səsi eşidildi...

Qağayılar hələ də şadyanalıqla sahil suları, köpüklü nəhəng dalğalar üzərində qıy vurur, uçuşurdular. Uşaqlar, böyüklər onlara yem, bulka parçası, bublik atıb, səslənirdilər:

- Bax...

- Yedi...

- Necə acgözdürlər...

- Əlimdən aldı...

- Gəl qaçaq...

- Bunlar bizi də yeyəcəklər...

- Rəngləri nə gözəldi...

- Ağ, qara...

- Əsasən ağdılar...

Heydər Əliyev fikri, diqqəti uzaqlarda olsa da, hələ də o kiçik qara daş parçasının təsiri altında idi. Gözləri yaşarmışdı... Onların ailəsi inanclı adamlar idi. Xüsusilə anası İzzət... Tələbə vaxtı ona nəzir pulu verib, Ətağanın ocağına göndərməsi heç vaxt yadından çıxmır. Onda Mir Mövsüm ağa, onun ailəsi onu çox səmimi, mehriban qarşıladılar. Gəlişinin məqsədini dedi...

Nəziri verib çıxanda bir yüngüllük hiss etsə də, amma həm də narahat idi. Sovet xəfiyyəsi hər yanda hərəkətdə idi. Allahsızlar dövləti qurmaqla fəxr edirdilər. Bu ideyanı, mifi bəyənməyənlərin yeri ölüm cəzası, həbsxanalar, uzaq Sibir, sürgün həyatı olurdu.

Köməkçisinə səsləndi:

- Gəl...

- ...

- Yaxın gəl...

- ...

- Al bunu...

- ...

- Elə yerdə saxlayın ki...

- ...

- Çox etibarlı olsun...

- ...

- Vaxt gələcək...

- ...

- Biz onu öz yerinə bənd edəcəyik...

Bu an Heydər Əliyev istər-istəməz təsirləndi, səsləndi:

- Nadan əclaflar!.. Sözə bax!.. Hərəkətə bax!.. Məsciddən daş qoparıb gətirməyi!.. Mənə göstərməyi hünər bilirlər!..

- ...

- Ancaq kordurlar... Respublikadakı bu vəziyyəti... Torpaqlarımızın işğalını, qaçqın, köçkün ordusunu görmür... Görmək istəmirlər...

- ...

- Mənim ömrüm çatmaz... Yetməz... Ardıcılım bu işi görər...

- ...

- Həmin daş parçası yerinə bənd olunar.

- ...

- Bunların əqidəsinə bax... Məscid onlar üçün elə-belə daş binadı da...

- ...

- Yox, o bizim üçün müqəddəs bir məkandı. Nəsillərimiz orada ibadət edib... Edir... Edəcəklər...

- ...

- Mən Avropa dəyərlərinə qarşı deyiləm... Əksinə, alqışlayanlardan biriyəm... Ancaq bunların Şərq adət-ənənələrinə, bu soyuqluqlarını, laqeydliklərini də bağışlaya bilmirəm...

- ...

- Əclafın sözlərinə bir bax da: "Biz də bir iş görməyə çalışırıq... Torpaq sizindi də..."

- ...

- İkiüzlülər!.. Ancaq küncdə-bucaqda belə sözləri, fikirləri etiraf edirlər. Ermənilərin yanında dilləri batır. Sanki onlardan boğazdırlar!..

- ...

- Bağışlayın, deyəsən, mən də həddimi aşdım... Ancaq nə edəsən, məcbur edirlər də. Heç hənanın yeri idi... Bunun bu gəlişi hansı mənanı, məqsədi daşıyır, anladız da?

- ...

- Yox...Keçməz...Alçaqlar...

... Düz həmin gündən 24 il sonra həmin daş parçası Ağdam Cümə Məscidində yerinə qoyuldu. Prezident İlham Əliyevin iştirakı ilə Ata vəsiyyətinə beləcə əməl olundu. O, bu barədə danışanda kövrəlmiş, titrək səslə dedi:

- Bəli, biz qalib xalqıq! Otuz dörd ildən sonra torpaqlarımıza, itirilmiş şəhər və kəndlərimizə sahib olduq. Şuşa, Xankəndi, Xocalı bizimdir! Ağdam, onun tarixlər şahidi Cümə Məscidi!.. Şəhidlər xiyabanı!.. Allahverdi Bağırovla burada altı mindən artıq şəhid uyuyur!.. Onların hər biri döyünən ürək, ailənin keşikçisi, yadigarı idi. Ancaq o dar gündə dözmədilər. Torpaqlarımızın müdafiəsinə qalxdılar. Allah onlara rəhmət eləsin, məzarları nurla dolsun, yerləri cənnətlik olsun.

Bu daş parçası da...  O dövrün başsız başbilənlərinin əməllərindən, hərəkətlərindən xəbər verir. Allah heç vaxt mərdi namərd qarşısında köməksiz, yalqız qoymasın. Atam olduğu üçün demirəm, Heydər Əliyev düz on il onlarla sözlə, fikirlə, dialoqla döyüşdü, vuruşdu. Bu torpaqların bizim olduğunu nadanlara başa saldı!.. Bu daş parçası da elə o illərin yaddan çıxmaz, unudulmaz yadigarlarından biridir... Beləcə yerinə qoyur, bənd edirik... Müqəddəs yerlərə, dəyərlərə, belə qiymət verilməli, belə münasibət olmalıdı...

13.08.2026.