Ayaz Arabaçı - Bu gecə İstambulda

Ədəbiyyat 13:27 / 27.08.2026 Baxış sayı: 1346

Bu gecə İstambulda

bir kafeyə girdim, bir masaya əyləşib,

iki unudulmuş bazar günü sifariş elədim..

Bir də heç vaxt gəlməyəcək bir adam.

Qarson sifarişimdən bildi ki,

buralara yadam.

Pəncərədən

çölə baxdım, sən orda dayanmışdın,

dənizin sahilində.

Nəğmə oxuyurdun

Istanbul martılarının dilində.

Əlini mənə uzatdın,

dedin bu nə gözəl görüşdü..

Sonra qəfil

göydən bir alma düşdü.

Mən yeni Nyuton idim,

Sən yeni cazibə qüvvəsi.

Bircə misra unudulmuş şeir idi

Bu görüşün nüvəsi.

Dedim çəkinmə, gəlmişəm,

könlündən nə keçirsə de.

Sən almanı götürüb

mənə uzatdın

Dedin ki, ye..

Maşınlar yan-yörəmizdən quş kimi səkirdi.

Uzaqlardan bir musiqi gəldi.

Elə bil kimsə

köhnə bir filmin son səhnəsini çəkirdi.

Ayağımızın altında

köhnə bir xəritə vardı, xəritəni qatlayıb

çantana qoydun,

........ Lazım olar, dedin.

Mən soruşdum, hara gedirik ki.?

Dedin ki, heç yerə.

Bu gecə

heç yerə getməmək üçün

çox gözəl gecədir.

Sən də bax gör,

heç yerə getməmək necədir?

Sonra ay çıxdı.

Ayın işığında

üzün bir anlıq çox tanış göründü.

Bahar gözlərində qış göründü.

Bir Allah bilir bu bir anlıq

qışdan nə çilə çəkdim.

Bəlkə səni

əvvəlki həyatımda sevmişdim.

Bəlkə gələcək həyatımda sevəcəkdim.

Bəlkə də bütün bunlar

sadəcə bir şairin yuxuya getməzdən əvvəl

uydurduğu səhnə idi.

Bilmirəm bircə Tanrıya əyandı.

başını çiynimə qoydun.

Şəhər susdu.

Saat dayandı.