Nağıllardan çıxıb , elə bil , bahar - Şahverən Cavad
Şimşəklər sıyrılar qızıl ox kimi ,
Göylər çilik - çilik olar , güzgü tək .
Qorxudan diksinən xanım buludlar ,
Hönkürüb , gözündən leysan tökəcək .
Arı pətəyidir dəvəbel bulud ,
Şərbətə dönəcək yaz yağışları .
Yaşıl tumurcuqlar quş dimdiyi tək ,
Açarlar ağzını göylərə sarı .
Lalələr ərköyün uşaqlar kimi ,
Dırmaşıb , qayanın üstündə bitib .
Cığırlar talada azıb yolunu ,
Qalıb ot altında , gözlərdən itib .
Nağıllardan çıxıb , bahar , elə bil ,
Zirvələr ağ atlı oğlan kimidir .
Yolunu gözləyən gəlin şəlalə ,
Həsrətə dözməyib , intihar edir .
" Mən yaxşı bilirəm , köçkünlük nədir , "
Yuva qurmaq üçün quşlar çop yığır .
Leyləklər , durnalar qayıtsın geri ,
Verək quşlara da vətəndaşlığı .
Arılar necə də çəkir nazını ,
Sətəlcəm olublar nərgiz , bənövşə .
Günəş al çiçək tək səpilər yerə ,
Yaz durub Qiblə tək - üzü günəşə .
09 . 04 . 2026