Məmməd Qədir - Rəssam şairim

Ədəbiyyat 13:08 / 08.02.2026 Baxış sayı: 327

 

Firuddin Həvəskara həsr edirəm

 

Elə ruh verib ki, sənə İlahi,

Yazsam yaxşı çıxmır, deyim şifahi,

Şeirin rəngarəng, fırçansa dahi,

Çəkirsən rəsmini sözün, şeirin,

Firuddin Həvəskar, rəssam şairim.

 

Sən sözün oğlusan, sözdü kökənin,

Könlü çəmən olur, naxış tökənin,

Şəkilləri düşməz səkilçəkənin,

Ay mənim qəlbi nur, sadəlövh pirim,

Firuddin Həvəskar, rəssam şairim.

 

Fircası nestərdi, qələmi oxdu,

Sənətin acıdı, gözləri toxdu,

İnciyən olsa da, küsməyi yoxdu,

Ürəyi tərtəmiz, ləhçəsi şirin,

Firuddin Həvəskar, rəssam şairim.

 

Çəkdiyi rəsmlər ruh halımızdı,

Sadə, təvazökar ziyalımızdı,

Bizi birləşdirən amalımızdı,

Durmusuq önündə dağ kimi şərin,

Firuddin Həvəskar, rəssam şairim.

 

Elinə, Vətənə söykər kürəyi,

Niyyəti işıqlı, halal çörəyi,

Səni sevməyənin yoxdur ürəyi,

Gözümüz üstundə daim var yerin,

Firuddin Həvəskar, rəssam şairim...