Məmməd  Qədir  - Anlaya bilmədim

Ədəbiyyat 15:23 / 05.07.2026 Baxış sayı: 383

 

Məni etibar etdiyim

Pusdu, anlaya bilmədim.

Şəninə dil-dil ötdüyüm,

Susdu, anlaya bilmədim.

 

Çox sığındım Allahıma,

İmanım çıxdı ahıma,

Yasımdakı ərvahıma,

Tostu anlaya bilmədim.

 

Aqil axmaqdan öyrəndi,

Görmədim mehrdə fəndi,

Məni görüb bəxt iyrəndi,

Qusdu, anlaya bilmədim.

 

Haqqa dönür şah da, qul da,

Məhşərdə bir, sağ da, sol da,

Cənnətə aparan yolda,

Postu anlaya bilmədim.

 

Məmməd, nahaq yara uydum,

Çox inancı gora qoydum,

Düşmənimi gözəl duydum,

Dostu anlaya bilmədim...