Əşrəf Veysəlli ŞEİRLƏR
HƏYAT VƏ ÖLÜM
Həyat -dəli bir tufan
Ölüm qəmli sükunət
Həyat-şirin bir yalan,
Ölüm-acı həqiqət.
05.08.2015
***
Yaşamaq çətin olur
Yalan yeriyən yerdə,
Doğru kiriyən yerdə,
Ədalət ayağını
zorla dartıb
sürüyən yerdə.
***
ÖLÜMLƏ SÖHBƏT
Ölüm qardaş ,icazə ver
Öz qapımı
Öz əlimlə döyə bilim.
Gələndə də ,elə gəl ki,
"Xoş gəlmisən" deyə bilim .
2014
Yaşayar
Arzularım qar altında gül açar,
Daş üstündə bitən ömrü yaşayar.
Ərənlərim qayalardan yol açar,
Yol,
Bu yolu gedən ömrü yaşayar.
Ürək nədir?
Ürək sevgi ,sayğıdır.
Bir -birinə nəvazişdir,qayğıdır,
Başdan-başa həyacandır,duyğudur,
Ürək də var-dövlət ömrü yaşayar.
Yazan qalar söz ömrünün hayında,
Ozan qalar saz ömrünün hayında.
İnsan da var-öz ömrünün hayında,
İnsan da var- Vətən ömrü yaşayar.
2013
Aldadıb məni
Gələcək günlərə ümidlə baxan
Hər günüm,zamanım aldadıb məni.
"Yaxşılıq toxumu səp"- deyə-deyə
Öz dinim ,imanım aldadıb məni.
Dünyada kişilər olub-bilirəm,
Qanadı şımşəkdən alıb-bilirəm.
"Əl tutmaq Əlidən qalıb"-bilirəm
İnamım- gümanım aldadıb məni.
Yalvara-yalvara hay-həşir salan,
Sözləri əfsanə,vədləri yalan ,
Sonuncu tikəni əlimdən alan,
Öz ətim,öz qanım aldadıb məni.
2010